Şuşa azad edilmədən müharibə bitə bilməzdi

Məhz şəhərin qurtuluşu ilə Ermənistan təslim olmağa məcbur oldu

10 noyabr bəyanatı Ermənistan üçün kapitulyasiya aktıdır

"Azərbaycan 44 günlük müharibə nəticəsində Ermənistanı və erməni separatçılarını məğlub etdi. Lakin Ermənistan müharibənin ilk günlərindən bu müharibənin Aprel döyüşləri və ya Günnut əməliyyatları kimi qısa olacağını, Rusiyanın prosesə müdaxilə edərək tərəfləri yenə atəşkəs adı altında, masa arxasına oturdacağını düşünürdü. Rəsmi İrəvan müharibənin ilk günlərindən olduğu kimi bu düşüncədə də yanıldı. Çünki Azərbaycanın dayanmaq niyyəti yox idi. Bunu elə Prezident İlham Əliyevin müharibənin ilk günlərindən beynəlxalq aləmin təzyiqlərinə məhəl qoymamasında da anlamaq olar". 

Bu fikirləri "Şərq"ə açıqlamasında siyasi-şərhçi Turan Rzayev deyib. Analitik qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan isə bunu anladıqda iş-işdən çoxdan keçmişdi: 

"Məsələ ondadır ki, o, müharibəni dayandırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə bir neçə dəfə müraciət etmişdi. Putin də öz növbəsində müharibənin dayandırılması üçün təkliflər irəli sürmüş, hətta Rusiya sülhməramlılarının regiona gəlməsini təklif etmişdi. Lakin ölkə başçısı yaxşı anlayırdı ki, bir də belə ideal fürsət ələ keçməyəcək. Prezidentin müharibə zamanı beynəlxalq təzyiqlərə baxmayaraq məğrur duruşunu pozmamasının bir səbəbi də məhz bu idi. O yaxşı anlayırdı ki, bütün təzyiqlərə baxmayaraq Ermənistanı dəstəkləyən, bu istiqamətdə Azərbaycana təzyiq edən ölkələr Ermənistanın imdadına yetişə bilməyəcək. Müqayisə üçün bunu Fateh Sultan Məhmədin İstanbulu fəthinə bənzətmək olar. Hansı ki, Sultan Məhməd də İstanbulun fəthi əsnasında beynəlxalq təzyiq ilə üzləşmiş, hətta Xaçlı ordusu ilə hədələnsə də Qərbin bu tezlikdə belə bir yürüşə hazır olmadığını bilirdi. Digər bir məqam isə Şuşa idi. Şuşa işğaldan azad edilmədən müharibə bitə bilməzdi. Onsuz da Şuşanın işğaldan azad edilməsi Ermənistanı təslim olmağa vadar edəcəkdi. Elə də oldu".

 T.Rzayev əlavə edib ki, Ermənistan ordusu Şuşa şəhəri üzərində nəzarəti itirdikdən sonra “DQR” paytaxtı Xankəndini itirmək təhlükəsi ilə üzləşdi:

 "Bundan başqa, erməni separatçılarının Dağlıq Qarabağdakı silahlı qüvvələri mühasirəyə düşə bilərdi. Buna görə də deyə bilərik ki, Şuşanın işğaldan azad edilməsi amili Ermənistanı təslimiyyətə vadar etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları 10 noyabr bəyanatı mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Bənzətmə üçün deyə bilərəm ki, İkinci Dünya müharibəsinin sonunda nasist Almaniyasının rəhbəri Adolf Hitler, Yapon imperatoru Hiroito, Faşist İtaliyanın rəhbəri Benito Musolini də Nikol Paşinyan kimi kapitulyasiya aktı imzalamışdı. Həmin kapitulyasiya aktlarına baxdıqda da 10 noyabr bəyanatı ilə bənzərlik açıqca görünür. Bu mənada döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident  İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaq. Bu həm də onu göstərir ki, Azərbaycanın niyyəti heç də müharibə deyil. Yəni sülhə atılan hər bir addım Azərbaycan üçün məqbuldur. Bəzən 10 noyabr bəyanatını 12 may 1994-cü ildə Qarabağ münaqişəsilə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinə bənzədirlər. Bu, düzgün yanaşma deyil. 10 noyabr bəyanatını kapitulyasiya aktı edən başlıca məqam isə bəyanatda Ermənistanın öz üzərinə öhdəlik götürməsidir. Misal üçün, Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları bəyanata uyğun olaraq bir güllə belə atılmadan işğaldan azad edildi. Bu çox mühüm hadisədir. Çünki həmin ərazilər, xüsusilə də Kəlbəcər coğrafi olaraq sərt relyefə və iqlimə sahibdir. Müharibənin qışa doğru uzadılması bu ərazilərdə itkilərin sayını artıra bilərdi. Bu mənada qeyd edilən ərazilərin bir güllə belə atılmadan bəyanata uğun olaraq işğaldan azad edilməsi diplomatik qələbədir. Bu qələbədə isə heç şübhəsiz, ölkə başçısının payı yüksəkdir. Ən mühüm amillərdən biri budur ki, bu proses çərçivəsində Naxçıvan da blokadadan azad oldu. Rusiya tərəfi Ermənistan ərazisi ilə Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürüb. Söhbət Zəngəzur dəhlizindən gedir. Bu gün də bu dəhlizin yaradılması üçün ciddi işlər gedir. Zəngəzur dəhlizi regionda aparılan 200 illik siyasətin fiaskoya uğraması deməkdir. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk islam dünyası və beynəlxalq ticarət baxımından mühüm rola malikdir. Birincisi, bu dəhliz Anadolu türkləri ilə Qafqaz, Mərkəzi Asiya türklərinin tək yol ilə gediş-gəlişini təmin edəcək. Yəni türk dünyasını bir-birinə qovuşduracaq. İkincisi, Çinin "bir kəmər, bir yol" layihəsi çərçivəsində dünya ticarət yollarının dənizlərdən yenidən quruya keçməsini və Azərbaycanın bu layihənin əsas kilid ölkəsi funksiyasına gətirəcək. Onu da qeyd edim ki, Zəngəzur dəhlizi ilə bağlı müddəa 27 illik danışıqlar prosesinin müzakirə mövzusu olmayıb. Zəngəzur dəhlizi Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə son anda 10 noyabr bəyanatına daxil edilib. Bu mənada deyə bilərik ki, 10 noyabr bəyanatı Ermənistan üçün kapitulyasiya aktı, Azərbaycan üçün isə tarixi diplomatik qələbə sənədidir".