Mübarizə bitməyib

Saakaşvili sağ qalmaq üçün qida qəbul edir

Hakimiyyət isə onu xalqın gözündən salmağa çalışır

Tbilisidə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin binası qarşısında etiraz aksiyası keçirilir. İştirakçılar keçmiş prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsini, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunmasını tələb edirlər. Aksiyada etirazçılar və polis arasında qarşıdurma baş verib

Nəticədə bir neçə iştirakçı saxlanılıb və patrul polisi maşınları ilə ərazidən uzaqlaşdırılıb. Eyni tələbli aksiyalar Gürcüstanın Ədliyyə və Səhiyyə Nazirliklərinin qarşısında da təşkil olunub. Polis əməkdaşları canlı sədd yaradaraq binalara girişləri bağlayıblar. Tbilisidə müxtəlif dövlət qurumlarının qarşısında keçirilən aksiyalarda 46 nəfər inzibati qaydada saxlanılıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, həmin şəxslər inzibati orqanların binalarına girişi bağlamaq və onların fəaliyyətlərini dayandırmağa cəhd ediblər. Xatırladaq ki, ötən gün Mixeil Saakaşvilinin görüntüləri ictimaiyyətə yayılmışdı.

Gürcüstandakı vəziyyətlə bağlı "Şərq"ə açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Saakaşvilinin görüntülərinin yayılmasında əsas hədəf Saakaşvilinin əslində aclıq aksiyasi keçirmədiyini və yemək yediyini cəmiyyətə göstərməkdir. Bununla da, Saakaşvilinin tərəfdarları arasında inamsızlıq yaratmaq istəyirlər: 

"Bir neçə gündür ki, Gürcüstan ərazisində böyük mitinqlər, aksiyalar baş verir. Həm Mixeil Saakaşvilinin və onun partiyası “Vahid milli hərəkat”  tərəfdarları, həm də müxalifətçilər küçələrə toplanırlar. Onlar Saakaşvilinin azad edilməsi ilə bağlı mitinqlər həyata keçirirlər. Paytaxt Tiflisdə və Saakaşvilinin saxlanıldığı Rustavidə çadrlar qurulur və buna dünya ictimaiyyətinin diqqəti yönəlir. Bu məsələyə Qərb diplomatlarından və Amerika Birləşmiş Ştatlarından xüsusi diqqət ayrılır. Amerika səfirliyi bununla bağlı açıqlama verib. Ukrayna da bu məsələdə maraqlıdır. Çünki Saakaşvilinin həm də Ukrayna vətəndaşlığı var.  Ukrayna hökuməti, xüsusən də dostu prezident Zelenski də onunla bağlı məsələni gündəmdə saxlayır. Bundan da bəlli olur ki, gürcü hökuməti bu təzyiqlərin azalması, mitinqlərin dağılması üçün  Mixeil Saakaşvilinin yemək yediyi iddia olunan görüntüləri ictimaiyyətə təqdim edir. Bununla da onun tərəfdarları arasında bir inamsızlıq, çaxnaşma yaratmağa çalışır və mitinqləri, nümayişləri, həm də beynəlxalq təzyiqləri azaltmağa çalışır. 

Mixeil Saakaşvilinin 10 kiloqramdan çox arıqladığı bəllidir və onun sağlıq vəziyyətinin yerində olmadığı, zorla ətrafdakıların köməyilə yediyi də bəllidir. Əlbəttə ki, o, su və ilkin qidalar qəbul edir. Çünki Mixeil Saakaşvilinin həddən tez aclıq aksiyası ilə həlak olması nə Saakaşvilinin özünə, nə də gürcü cəmiyyətinə yenilik gətirəcək. 

Ona görə də Mixeil Saakaşvili arada bu cür yardımlardan istifadə etməklə, mümkün qədər öz aclıq aksiyasını daha uzun həyata keçirməsinə və onun özünün bu çağırışının həm gürcü cəmiyyətinə, həm beynəlxalq cəmiyyətə, ictimaiyyətə daha uzun müddətə yayılmasına nail olmağa çalışır".