Qarabağa səfərlər növbəti təxribatdır


Ancaq Azərbaycan yenə təmkinli və ağıllı tərpənəcək

Ermənistanın keçmiş prezidentləri Robert Koçaryanla Serj Sarkisyan Xankəndiyə gediblər. Bu barədə “İravunk” nəşri məlumat yayıb. Onlar noyabrın 7-də 93 yaşında ölən Serj Sarkisyanın anası Nora Sarkisyanın dəfn mərasimində iştirak ediblər.

   Dəfnlə bağlı Xankəndiyə təşkil edilmiş bu səfər, yaxın günlərdə zəfər gününü qeyd edən Azərbaycan tərəfində qıcıq yaratmaq məqsədi daşıya bilərmi?

    Məsələni Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı “Şərq”ə şərh edib. O bildirib ki, ermənilər bu günə qədər dünyaya bəyan ediblər ki, guya biz onların hüquqlarını pozmuşuq:

 “Azərbaycanda yaşayan ermənilərə qarşı haqsızlıq etmişik və s. İkinci Qarabağ müharibəsinin gedişatı zamanı Azərbaycan prezidenti beynəlxalq ictimaiyyətə mesajlar göndərirdi. 

Burda qeyd olunurdu: “Biz beynəlxalq sənədlərdə əksini tapdığı kimi işğal altında olan torpaqlarımızı azad edəcəyik”. Belə də oldu. Həmçinin bildirilirdi Qarabağ işğaldan azad olunduqdan sonra burda yaşayan ermənilər Azərbaycan vətəndaşı olacaq. Biz onların bu ərazilərə gəlmə olduğunu bilirik. Xankəndi də Qarabağda insanların daha çox kompakt yaşadığı bir yerdir. Burda yaşayan əhalinin çoxluğu etnik ermənilərdən ibarət olub. Biz qələbə qazandıqdan sonra prezidentimiz dəfələrlə beynəlxalq ictimaiyyətə bu ermənilərin taleyi ilə bağlı açıqlama verib. 

Deyib ki, ermənilər də azərbaycanlılarla eyni hüquqlara sahib olacaqlar. İndi bu cəllad Sarkisyan Qarabağdandır. Anası dünyasını dəyişib  gətirib Xankəndində dəfn ediblər. Bu bir insani məsələdir. Hərçənd ki, ermənilər insani, humanist dəyərlərdən uzaqdırlar. Xüsusilə də onların liderləri. Tək Azərbaycana qarşı yox, bütün dünya xalqlarına qarşı onlarda nifrət var. Biz  bir azərbaycanlı olaraq buna qarşı etiraz etmərik. Onlardan fərqli olaraq Azərbaycan xalqı humanist, yüksək bəşəri dəyərləri özündə əks etdirən bir xalqdır”. 

M.İbrahimqızı erməni siyasilərin işğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlərinin bizi provakasiyaya cəlb etmək üçün atılan addımlar olduğunu vurğulayıb: 

“Amma onlar müharibə dönəmində bizim küyə getməyən bir xalq olduğumuzun çox gözəl şahidi oldular. Onlardan fərqli olaraq Azərbaycan xalqı humanist, yüksək bəşəri dəyərləri özündə əks etdirən bir xalqdır”.