Qərb üçün artıq Qarabağ mövzusu qapanıb


Azərbaycan Avropa İttifaqının bölgədə vasitəçiliyini dəstəkləməklə birdən çox hədəfə nail oldu

  Avropa Birliyi “Dağlıq Qarabağ” söz birləşməsindən rəsmi olaraq tam imtina edib. Bu barədə Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan bildirib. Aşotyanın sözlərinə görə, onun bəyanatı Avropa Komissiyasının baş katibi tərəfindən imzalanmış və bu il iyulun 18-də dərc edilmiş rəsmi sənədə əsaslanır. Sənəd Azərbaycanla tərəfdaşlığın həyata keçirilməsi haqqında” məruzə adlanır: “Avropa Birliyinin Azərbaycanla tərəfdaşlıq proqramı var. Bu hesabatda onun Azərbaycanla münasibətləri, müxtəlif sahələrdə qeydə alınmış qiymətləndirmələri, problemləri və uğurları ümumiləşdirilir. Təbii ki, Azərbaycanla münasibətlər kontekstində təhlükəsizlik problemlərinə də qiymət verilib. Bütün bu mətndə heç olmasa bir dəfə “Dağlıq Qarabağ” terminindən istifadə olunmur. “Dağlıq Qarabağ” söz birləşməsi “Azərbaycanın Qarabağ iqtisadi zonası” termini ilə əvəzlənib. Beləliklə, rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tam imtina etdi. Avropa Birliyinin rəsmi rəyinə görə, Dağlıq Qarabağ artıq yoxdur”.

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Avropa İttifaqının “Dağlıq Qarabağ”dan imtinası Brüssel görüşləri ərəfəsində baş vermişdi. Analitikin fikrincə, bu, Bakının həyata keçirdiyi siyasətin müsbət nəticəsi hesab oluna bilər: 

"Azərbaycan Avropa İttifaqının bölgədə vasitəçiliyini dəstəkləməklə birdən çox hədəfə nail oldu. Birincisi, Qərbdə Minsk qrupuna alternativ yaratdı və bu, həmsədrlik formatının arxa plana keçməsi ilə nəticələndi. Bu məsələdə Rusiyanın da maraqları olduğu üçün rəsmi Bakı düzgün strategiya tətbiq etdi. İkincisi, Rusiyaya qarşı alternativ qazandı. Minsk qrupunun ləğvini istəyən Bakı üçün Moskva qarşısında alternativsiz qalmaq sərfəli deyildi. Bu baxımdan, həm alternativ qazanmalı, həm də bu alternativ Minsk qrupu formatının sıradan çıxmasına xidmət etməli idi. Buna nail oldu. Üçüncüsü, Avropa İttifaqının proseslərdə iştirakı post-münaqişə reallığını qəbul etməsi halında mümkün ola bilərdi. Brüssel bu reallıqla razılaşdı. Brüssel masasında Bakının Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılmasına şifahi razılığı da bu siyasi nəticənin əldə edilməsinə qarşı “güzəşti” hesab edilə bilər. Buna nail olduqdan sonra “yol məntiqi” “dəhliz məntiqi” ilə əvəzləndi”. 

  A.Nərimanlı vurğulayıb ki, burada enerji maraqları da rol oynayır: “Xüsusilə Ukrayna müharibəsindən sonra Rusiya enerjisindən asılılığını minimuma endirmək istəyən Avropa İttifaqı Azərbaycanın maraqlarını nəzərə almağa məcbur olub. Təbii ki, Qərbdə lazım olarsa, yəni maraqları tələb edərsə, yenidən “Dağlıq Qarabağ” termininə üz tuta bilərlər. Amma əsas məsələ rəsmi sənədlərdir. İstər Brüssel görüşlərinin yekun bəyanatlarında, istərsə Avropa Komissiyasının son sənədində Bakının istəyi nəzə alınır.

 Bu, Qərb yarımkürəsində də Qarabağ münaqişəsinin bitdiyinin rəsmi təsdiqidir. Belə vəziyyət Ermənistanı da iddiasından əl çəkməyə məcbur edə bilər. Əslində Baş nazir Nikol Paşinyanın “bizdən status iddiasını aşağı salmağı tələb edirlər” açıqlaması da göstərdi ki, bunu Avropada istəyiblər. Bu, özünün vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrası baxımından Rusiyaya sərf edir. Yəni Moskva çalışır ki, bölgədə maraqları təmin edilsin, kommunikasiya açılsın, sərhəd məsələsi həll olunsun. 

Qarabağ məsələsi Bakı ilə bazarlıq üçün sonraya saxlanılsın. Rusiya üçün hazırda prioritet vasitəçiliyi ilə imzalanan bəyannamələrin icrasıdır. Ələlxüsus, kommunikasiyaların açılması baxımından buna çalışır. Bu müddətdə Qarabağ məsələsini arxa plana keçirmək, bu məsələ üzərində Bakı ilə toqquşmaq istəmir. Lakin perspektivdə Rusiya maraqlarının nəzərə alınması üçün bu kartdan istifadəni davam etdirəcək”.