TƏCİLİ! - “Sülhməramlı kontingent Azərbaycanda hərbi potensialını artırır” – AYDIN BAXIŞ

"Sülhməramlıların fəaliyyəti bizi qane etmir. Onların təxribatları ara vermir. Laçında ağacların kəsilməsi, su hövzələrinin zəhərlənməsi və aksiyaların başlanması  sülhməramlıların özbaşınalığını  ortaya qoyur”.

Bunu "Sherg.az"a Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Rusiya sülhməramlıların Laçında ağacları kəsmələri iddiasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan sülhməramlıların fəaliyyətindən narazıdır: 

"Prezident İlahm Əliyev yerli telekanallara verdiyi müsahibədə ciddi fikirlər səsləndirdi. 2025-ci ildə sülhməramlıların mandatı başa çatır. Azərbaycan artıq  onlara mesaj verdi ki, əməllərindən narazıdır. 

Bölgədə “Vardanyan planı”, sülhməramlıların "sülhməramlı yüklər" adı altında hərbi potensialını artırma cəhdləri də gözdən qaçmır. Azərbaycan əsgərinin təxribata cəlb edilməsinə yönəlik addımlar atırlar. Son zamanlar bu cür provokasiyalarla  tez-tez qarşılaşırıq . Azərbaycan 2025-ci ilə qədər separaçılarla bağlı həlledici addımlar atacaq. Görünür, bunun bir hissəsi sülhməramlılara şamil olunacaq. Onların qiymətləndirilməsi vacib faktırdı”. 

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində ağacları kəsdikləri iddia edilir. Məlumata görə, sosial şəbəkələrdə belə iddialar səslənir ki, sülhməramlılar Laçın yolundakı postlarının yaxınlığında yerləşən ağacları məhv edirlər. Məlumatlarda bildirilir ki, sülhməramlılar bu addımı yol çəkmək üçün atırlar. Ancaq sözün konkret olaraq hansı yol çəkilişindən getdiyi məlum deyil.

Şərqiyyə NƏBİ