Silah-sursatın daşınmasına son qoyulmalıdır

Bakı həm Rusiyanı, həm də Qərbi məlumatlandırmalıdır

Ermənilər Azərbaycanın təhlükəsizliyinə qarşı “qırmızı xət”ləri keçsə, prosesə hərbi müdaxilə ilə cavab veriləcək
 

  "Azərbaycan ermənilərlə təmasları iki ssenari ilə nəticələndirmək istəyir. Birincisi, ermənilər Azərbaycan Konstitusiyasının legitimliyini tanıyıb, vətəndaş kimi vəzifələr və öhdəliklərini icra etməlidirlər. İkincisi, əgər kiməsə bu xoş deyilsə, Azərbaycan ərazisini tərk etməlidir. Yox, qalıb müqavimət göstərmək istəyirsə, o zaman hüquqi cəzalanmanın predmeti kimi nəticələrə hazır olmalıdır". 

Bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, Bakı bu tələbləri ən üstün şərtlər çərçivəsində ermənilərə çatdırır: "Xocalıda Azərbaycan nümayəndələri ilə ermənilər arasındakı görüş də bunun bariz nümunəsidir.

 Bu görüşdən sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki erməni separatçıların başçısı Araik Arutyunyan ah-nalə çəkərək nəticələrə hazırlıq məşqini başlatdı. Arutyunyan öz “komandası” ilə keçirdiyi görüşdə ermənilərin “ ya olum, ya ölüm” seçimi arasında qaldıqlarını diqqətə çatdırıb. 

Onun mesajının məğzi belədir ki, ermənilər ya Azərbaycanın bayrağı altında yaşamağı seçməli, ya da “mübarizə”ni davam etdirməlidirlər. Birinci variant elə məqbuldur. İkinci seçim isə separatçılar və onları dəstəkləyən erməni sakinlər üçün cəzalanma aktını qaçılmaz edir. İkinci bir tərəfdən, Arutyunyan həm Rusiya, həm də Qərbdən dəstək gözləyir, ancaq son hədd anında onların köməyinə heç kim gəlməyəcək".

  Ekspert vurğulayıb ki, Arutyunyan özlüyündə “mübarizə ruhu” illüziyasını yaratmalıdır:

 "Çünki onun özü də Azərbaycanın nələrə qadir olduğunu gözəl başa düşür. Bununla belə, Arutyunyan erməni icmasının yaralarına məlhəm olan açıqlamalar vermək məcburiyyəti ilə qarşı-qarşıyadır, çünki Bakının şərtləri qəti və dəyişməz olaraq qalır. 

Başqa qüvvələrin əlində alət olan ermənilər vasitəsilə Qarabağda təxribatları körükləmək məqsədlərinə fokuslanmalıyıq. Qarabağdakı erməni amili Rusiya və Qərbi birləşdirən dəyərə çevrilir. Hərçənd ki, hərəsinin öz yanaşması var. Belə olan halda Qarabağa Ermənistan ərazisindən Laçın yolu vasitəsilə silah-sursat daşınması erməni amili ilə oyun qurmaq istəyənlərin arzularının tərkib hissəsi kimi başa düşülməlidir. Azərbaycan həm Rusiyaya, həm də Qərb dairələrinə çatdıra bilər ki, bu hal Azərbaycanın təhlükəsizliyinə qarşı “qırmızı xət”ləri keçsə, prosesə hərbi müdaxilə ilə cavab veriləcək".