Ordumuz Qarabağda çevik antiterror əməliyyatı aparmaq üçün  hazırdır 

"Ermənilər sərhəddə gərginliyi məqsədyönlü şəkildə artırmağa davam edirlər. Şübhəsiz, bu təxribatların arxasında hiyləgər məqsədlər dayanır".

"Sherg.az" xəbər verir ki, bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya sədri bildirib ki, Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutmaqla Azərbaycan Ordusunu cavab atəşi açmağa təhrik edir. Bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, Azərbaycanı təcavüzkar tərəf kimi göstərməyə çalışır: 

"Havadarlarına arxalanan Ermənistanın bu davranışları çox təəssüf ki, sülh prosesinə ağır zərbə vurur. Lakin davamlı olaraq ziddiyyətli siyasət aparan Ermənistanın Baş naziri Nikol Paşinyan bir tərəfdən İrəvanın sülh gündəmini reallaşdırmaqda maraqlı olduğunu söyləyir. Digər tərəfdən isə martın 5-də Qarabağda erməni separatçılarının hərbçilərimizə hücum təxribatının məsuliyyətini Azərbaycanın üzərinə yıxaraq bizi təxribatda ittiham edir, özlərinin terror cəhdini bizim ayağımıza yazmağa çalışır. Paşinyanın hökumətin iclasında sərt anti-Azərbaycan ritorikasına əl atması nə Ermənistan iqtidarında, nə də erməni müxalifətində adekvat, sağlam düşüncəli siyasətçilərin olmadığını göstərir. Məhz bunun nəticəsidir ki, Ermənistan real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıb. Paşinyanın qeyri-adekvat davranışları nəticəsində sülh danışıqları növbəti dəfə "dalan"a dirənib. Rusiya sülhməramlılarının Ermənistanın təxribatlarına göz yumması onsuz da gərgin olan vəziyyəti bir qədər də ağırlaşdırır. Bütün bunlar onu göstərir ki, "sülhməramlı" kimi təqdim olunan Rusiya silahlı kontingenti birmənalı surətdə həm separatçıların, həm də bütövlükdə Ermənistanın yanındadır".

Ə.Hüseynova görə, belə bir kritik durumda Ordumuz Qarabağda qısamüddətli çevik antiterror əməliyyatı aparmaq üçün tam hazırdır: 

"Çünki baş vermiş son hadisələr, sülhməramlıların müşayiətilə separatçılara silah-sursat daşınması, erməni separatçılarının gün-gündən azğınlaşması "Qisas-2" antiterror əməliyyatının keçirilməsini labüd edir. Lakin biz bu əməliyyatın gözlənilən müvəffəqiyyətlə nəticələnməsi üçün maksimum dərəcədə əlverişli məqam seçməliyik".