Ermənilər də bezib


Onlara qalsa, Bakının təkliflərini çoxdan qəbul etmişdilər

Qarabağ ermənilərinin görüş üçün Bakıya gəlməsinə mane olan rus sülhməramlı kontingentinin rəhbərliyidir 


  Bakı ilə Qarabağın erməni əhalisinin nümayəndələri arasında birbaşa müzakirələrin başlanması düzgün istiqamətdə atılmış addımdır və bu, təqdirəlayiqdir. Bu sözləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, fikir müxtəlifliklərinin aradan qaldırılması üçün birbaşa ünsiyyətin alternativi ola bilməz və bu, bütün müvafiq maraqlı tərəflər arasında danışıqlar yolu ilə həyata keçirilməlidir: “Bu cür dialoq qarşıdurmanı gücləndirmək əvəzinə inam və etimad yaratmağa yönəlməlidir. Biz bütün maraqlı tərəfləri neqativ ritorikadan çəkinməyə və hamının legitim narahatlığını aradan qaldıracaq kompromis həll yollarının axtarışına diqqət yetirməyə çağırırıq".
  Cənubi Qafqaz ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov da deyib ki, Azərbaycanın bu yanaşması dinc erməni əhalisi ilə birbaşa danışıqların başlanğıcı və Bakının güclü addımıdır: "Azərbaycan davamlı diplomatiyasını və sülh arzusunu nümayiş etdirir. Azərbaycan hakimiyyətinin Bakıda görüşü təşkil etməsi isə əlamətdardır. Bakı mütəmadi olaraq Azərbaycan vətəndaşı olmağa hazır olduqlarını bildirən ermənilərin həyatını yaxşılaşdırmağa, onlara ölkənin digər vətəndaşları ilə bərabər bütün hüquqlarla təmin etməyə hazır olduğunu nümayiş etdirir. Bildiyiniz kimi, son vaxtlar bir çox sadə erməni azərbaycanlılara məktub yazır. Azərbaycana üz tutan insanlar, görünür, başa düşürlər ki, Ermənistan hakimiyyətinin onlara ehtiyacı yoxdur və onların həyatlarını yaxşılaşdırmayacaqlar. Axı hamıya məlumdur ki, Qarabağ erməniləri Ermənistanda bəyənilmir, sosial şəbəkələrin erməni seqmentinə baxın, görəcəksiniz. Elə bu günlərdə Prezident İlham Əliyev Azərbaycanın tərkibində Qarabağ ermənilərinin yaşayışının Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vaxtdan daha yaxşı olacağını söylədi. Azərbaycan Prezidenti nəsə deyirsə, sözünü tutur, vədini yerinə yetirir". Xatırladaq ki, Xankəndidəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib. Onlar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsini və özlərinin “tərəf” kimi təqdim olunmasını istəyiblər. İctimaiyyət nümayəndələri isə hesab edirlər ki, separatçıların mülki ermənilər adından çıxış etməsi qəbuledilməzdir. 
  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə bildirib ki, Ermənistan hökuməti Qarabağın onların olmadığını anlayıb və bu reallığı qəbul edib. Professorun sözlərinə görə, Qarabağ bölgəsində marağı olan ölkə Rusiyadır: 

"Moskva öz xəyanətkar, riyakar siyasətini həyata keçirir. Amma Azərbaycan tərəfinin haqq yolunda qətiyyətli addımları əvvəl-axır öz nəticəsini verəcək. Qarabağda yaşayan mülki ermənilərlə Azərbaycan nümayəndələrinin görüşündə məqsəd onların reinteqrasiyasıdır. "Xalq diplomatiyası" adlanan belə təmaslar 1990-cı illərdə də baş tutmuşdu. 1994-cü ildə atəşkəs imzalanana kimi dəfələrlə ermənilərlə görüşümüz oldu. Ancaq problem ondadır ki, Qarabağda yaşayan ermənilər öz iradələri ilə qərar vermirlər. Rusiya və İran bu işin içindədir. Qarabağ ermənilərinin görüş üçün Bakıya gəlməsinə mane olan, buna imkan verməyənlər rus sülhməramlı kontingentinin rəhbərliyidir. 

Ermənilərin özlərinə qalsa, rəsmi Bakının humanist təkliflərini çoxdan qəbul etmişdilər. Görüş və təmasların çoxalması, nəticə əldə olunması Kremlin bölgə maraqlarına ziddir. Lakin çıxış yolu birdir. Ermənilər torpaqlarımızda yaşamaq istəyirsə, mütləq vətəndaşlığımızı və qanunlarımızı qəbul etməlidirlər. Azərbaycanda 40 minə yaxın erməni yaşadığı deyilir. Qarabağda da ermənilər rahat həyat sürə bilərlər. Ancaq onlara hansısa "statusun" verilməsindən, "tərəf" kimi tanımaqdan söhbət gedə bilməz. Hələlik rəsmi Bakı diplomatik yollarla, humanist gedişlərlə problemləri həll etməyə çalışır. Təbii ki, sonuncu variant anti-terror əməliyyatıdır. 

Bunun da qərarını ancaq cənab Prezident verə bilər. Görünür, əməliyyat üçün siyasi mühit tam yetişməyib. Təhlükəsizlik orqanlarımız çox yaxşı işləyirlər. Qarabağdakı separatçıların hamısını bir-bir zərərsizləşdirmək mümkündür".