İranla nüvə mövzusu yenidən masaya qayıdacaq -ANALİTİK

Suriyada isə hələ bir müddət qarışıqlıq davam edəcək


ABŞ Prezidenti Donald Tramp husilərə dəstəyinə görə İranı təhdid edib. Tramp deyib ki, husilərin atdığı hər bir güllə bundan sonra İranın silahlarından və rəhbərliyindən atılan güllə kimi qiymətləndiriləcək: "Heç kim aldanmasın! Yəməndə yaşayan, Yəmən xalqının nifrət etdiyi husilər, məhbuslar və quldurların həyata keçirdiyi yüzlərlə hücumun hamısı İrandan qaynaqlanır". O qeyd edib ki, buna görə İran məsuliyyət daşıyacaq, bunun bədəlini ödəyəcək. Qeyd edək ki, Prezident Trampın əmri ilə ABŞ ordusu 15 martdan husilərə genişmiqyaslı zərbələr endirir. ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell də deyib ki, husilər hücumları dayandırsa, ABŞ onlara qarşı əməliyyatı sonlandırmağa hazırdır: “Husilər bunun nə vaxt bitəcəyini müəyyən etməlidirlər. Biz vətənimizin təhlükəsizliyini təmin edənə və oradakı su yollarını açana, o bölgədə manevr etmək üçün yerimiz olduğundan əmin olana qədər ABŞ əməliyyatı davam edəcək". İranın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb ki, İrana qarşı istənilən mümkün təcavüz aktının nəticələri olacaq. Bildirilib ki, buna görə ABŞ məsuliyyət daşıyacaq. İran mediası məlumat yayıb ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı admiral Əlirza Təngsirinin əmri ilə ölkənin cənubundakı dəniz və raket bölmələri “hər hansı düşmən hərəkətinə” cavab vermək üçün döyüş hazırlığı vəziyyətinə gətirilib. Bildirilib ki, ötən həftə ABŞ və İsrail hava qüvvələrinin birgə hərbi təlimləri İrana qarşı hərbi əməliyyatın qaçılmaz ola biləcəyini göstərir. 
BMT-nin Baş katibinin sözçüsü Stefan Dujarrik ABŞ-yə çağırış edib. O, Vaşinqtonun Yəmənə endirdiyi zərbələrdən dolayı narahatdır və bütün hərbi əməliyyatları dayandırmağa çağırıb: “Biz ABŞ-nin bir gecədə Yəmənin husilərin nəzarətində olan ərazilərinə həyata keçirdiyi çoxsaylı zərbələri narahatlıqla qeyd edirik”. BMT nümayəndəsi Yəməndəki gərginliyin bölgədəki vəziyyəti daha da pisləşdirə biləcəyini vurğulayıb. 

Siyasi şərhçi Kənan Rövşənoğlu "Sherg.az"a deyib ki, ABŞ ordusunun Yəməni bombalaması, son iki gündür Livan-Suriya sərhədində baş verənlər Yaxın Şərqdə İrana qarşı əməliyyatdır. Ekspertə görə, daha əvvəl də məlum idi ki, bu əməliyyatı başladacaqlar:
 "Suriyada Bəşər Əsədin devrilməsi Yaxın Şərqdə İranın "müqavimət cəbhəsi" oxuna zərbə idi. Suriyadan sonra hədəf Livan idi. Məhəmməd bin Salman xəbər göndərdi ki, Livana maliyyə yardımı ancaq Hizbullah silahsızlaşdırılsa edəcək. Ona görə də yeni hökumət bəyannaməsində ilk dəfə Fələstin müqaviməti ifadəsi salınmadı. Amma hələlik Hizbullahın silahlı gücündən ehtiyat etdikləri üçün Taif razılaşmasından imtina məsələsini qoya bilmirlər. Son hadisələr, yəni Livan-Suriya sərhədində baş verən toqquşmalar Səudiyyə Ərəbistanının Livan planını pozur. Çünki ABŞ-in dəstəyi ilə Livan və Suriyanı Səudiyyə Ərəbistanı götürməli idi. Suriyanın yeni hakimiyyəti isə Türkiyə-Qətər ittifaqı ilə Səudiyyə-BƏƏ birliyi arasında manevr etməyə çalışır. Sırada qalan iki ölkə var: Yəmən və İraq". 

Analitik vurğulayıb ki, İraqda proses çoxdan başlayıb, amma İraqda Nəcəf üləması və əhalinin çoxluğunun şiə olması problem yaradır:
 "Bağdad Vaşinqtonun Həşd-Şabi tələbini rədd etdi. Yəmən isə nisbətən uzaqdır, ona görə də indi Yəmənə ağırlıq qoyulur. Amma Yəmən mövzusu daha mürəkkəbdir. Çünki Yəmənə quru əməliyyatı üçün Vaşinqton hazır deyil, risklər var. Səudiyyə Ərəbistanı koalisiyası isə 8 il quru əməliyyatında uğur qazana bilmədi. Digər yandan Yəməndə təkcə İran maraqları yoxdur, həm də Çin və Rusiya var. Xüsusən də Çin. Çünki husilər faktiki olaraq dünya ticarət yüklərinin böyük hissəsinin keçdiyi Bab əl-Məndəbə nəzarət edir. Yeri gəlmişkən, Çin xaricdə ilk dəniz bazasını 2015-ci ildə Yəmən sahilləri ilə üzbəüz Cibutidə qurub. Güman ki, Tramp hesab edir ki, proxiləri sıradan çıxardıqdan sonra Tehranı masaya daha rahat dəvət edəcək. Çünki bilindiyi kimi, Vaşinqtonun İranla bağlı əsas şərti nüvə silahı ilə yanaşı Yaxın Şərqdəki "proxyləri", ya da başqa sözlə, Müqavimət oxu idi. Amma husilər sərt "qabıqdırlar". Vaşinqton orada xeyli "yorulacaq", ərəblər isə "tərləyəcək", çünki biznesmen Trampın cibindən Yəmənə bir bomba atacağına inanmıram. 
Güman edirəm ki, ciddi hadisə olmasa, İran nüvə mövzusu yenidən danışıqlar masasına qayıdacaq. Suriyada isə hələ bir müddət qarışıqlıq davam edəcək".