Qəzaya uğramış təyyarə restoran oldu


Dost olan 2 sahibkar çürüməyə başlayan təyyarəni pide salonu kimi həyata qaytardı
 
Qəzaya uğramış, yararsız hala düşmüş avtobuslardan, təyyarələrdən də digər məqsədlər üçün istifadə edilməsi təcrübəsi məlumdur.  Salonundan hətta kitabxana kimi istifadə edilən təyyarələr də var. Ankaradan havaya qalxıb Trabzonda eniş etməli olan, lakin uçuş zolağından çıxıb dəniz sahilinə 25 metrəlik məsafədə dayana bilmiş təyyarə isə pide salonuna döndürülüb.  “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, bu qəza 2018-ci il yanvar ayının 13-də yaşanıb.  Ankara-Trabzon marşrutu üzrə Pegasus Hava Yollarına aid  PC 8622 saylı reyslə uçan  "Zeynəb” isimli “Boeing 737 – 800” sərnişin təyyarəsi Trabzon hava limanına çathaçatda uçuş-enmə zolağından kənara çıxıb. Sərnişinləri və pilotları xəsarət almayan təyyarə Trabzonun Yorma əyalətində yerli bələdiyyəyə təslim edilib və demək olar, taleyin ümidinə buraxılıb. 

İllər keçdikcə təyyarə oradaca qalıb və yavaş-yavaş çürümə prosesi başlayıb. Amma sonra həyat təyyarənin üzünə “gülməyə” başlayıb. Dost olan 2 sahibkar - Təməl Şükrü Yılmaz və Zəfər Cəlap təyyarə salonunu restorana döndürmək qərarına gəlib. Bu haqda danışan Əbdülqədir Bektaş deyib ki, bunun üçün çox zəhmət çəkib, əziyyətə qatlaşıblar. Təyyarənin pide salonuna döndərilməsi 1 il çəkib və 5 milyon lirəyə başa gəlib. Pide salonuna çevrilmiş təyyarəyə ərəb turistlərin marağı daha böyükdür. Ə.Bektaş “çox yaxşı sosial xidmət istifadəyə verə bildik. Burada ölkəmizə və dünyaya xidmət edirik, milli mətbəxin yeməklərini tanıdır, turistlərə təqdim edirik. Təyyarədə insanlara pide təqdim edəcəyik, deyə xəyallar qururduq. 

Bu gün o xəyallar artıq gerçəkləşib” deyən Ə.Bektaş salonu masa və oturacaqlarla, fənərlərlə bəzədiklərini söyləyib. “İstəyirik, insanlarımız bura gəlsin, dincəlsinlər, yemək yesinlər, bu, onların yaddaşında gözəl bir xatirə kimi qalsın”. Ə.Bektaş deyib ki, təyyarə-restoranın yaxınlığında təndirxana var. Yeməklər orada hazırlanır. Təyyarə salonunda eyni anda 40-50 nəfərə xidmət göstərə bilirlər. Təyyarənin üzərinə “Terminal Pide” sözləri yazılıb. Təyyarə restoranda pideyə qonaq edilən ommanlı turist Əbdülhəmid Jamir Sait də buranı çox bəyəndiyini, yeməklərin də dadlı olduğunu deyib.