Ağcaqanad həyəcanı!

Yayın fəlakəti başlayır


Yayın ən böyük problemi həm də ağcaqanadlardır. Mütəxəssislərin “ağcaqanadların geni dəyişib” iddiasına indiyədək ciddi yanaşılmırdı. İstanbulda baş verənlərsə iddianın heç də əsassız olmadığını göstərir. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, bu günlərdə İstanbulda ağcaqanad sancmasından şikayətlər və həkimə müraciətlər artıb. İstanbulun Avcılar məhəlləsində ağcaqanad “ordusu” smartfonun kamerası ilə görüntülənib. Məhəllə sakinləri görüntüləri sosial mediada paylaşaraq yetkililərdən yardım istəyib. 

Dermatoloq professor Zekayi Kutlubay isə açıqlamasında ağcaqanad sancmasına ciddi yanaşılmalı olduğu xəbərdarlığı edib. İstanbul Bələdiyyəsi Sağlıq Dairə başqanı doktor Önder Yüksel Eryiğit isə ağcaqanadlarla mübarizə aparılması üçün 611 işçidən ibarət 182 heyət yaradıldığını bildirib. Ağcaqanadların bu qədər çoxalmasının əsas səbəbi antisanitariya hesab edilir. Şəhərin bir çox məhəlləsində zibillər vaxtında daşınmır, dərələrə tökülən zibillər uzun müddət orda qalır. Sakinlər indiki ağcaqanad sancmalarının əvvəlkilərdən xeyli fərqləndiyini deyib.

 Ağcaqanad sancdığı yer qızarır, köpəciyir  və içindən su çıxır. Dərmanlar da fayda vermir. Dermatoloq Zekayi Kutlubay da ağcaqanad sancması şikayəti ilə xəstəxanaya müraciət edənlərin sayında artım olduğunu deyib. Bu mövsümdə şikayətlər daha tez başlayıb.  Həkim ağcaqanad sancmasının ciddi fəsadlar törədə biləcəyini vurğulayıb: “Bəzən hətta anafilaktoid (qeyri-immun mexanizmlərin işə düşməsi) reaksiyalara da səbəb olur. Bu da ən qorxduğumuz reaksiyadır. Nəfəsalma çətinləşir, dil, nəfəs borusu şişir, qan təzyiqi düşür və xəstə bayılır. Buna görə də çox diqqətli olmaq lazımdır”.