Səhiyyə sistemində xaos yaşanır

"Sığorta sistemi tətbiq etdik, amma əmin olun o sistem həkimlər və xəstəxanalar tərəfindən boykot olunur"

"Axı hər evdə bir və ya iki xəstə olur. Deməli, hər ailə qəsdən dövlətdən narazı salınır"


“Bir ölkədə 5 səhiyyə qurumu olanda xaos yaşanar və biz bu gün onu yaşayırıq”. Bunu Milli Məclisin dünənki iclasında millət vəkili Razi Nurullayev deyib. Deputat çıxışı zamanı səhiyyə sistemini kəskin tənqid edib. Vurğulayıb ki, səhiyyə sisteminin effektiv işləməsi üçün islahatlar aparıldı, amma nəticəsi əvvəlkindən də pis oldu: “Səhiyyə Nazirliyi, TƏBİB, Prezident Administrasiyasında və Nazirlər Kabinetində şöbələr, hər nazirliyin özünün tibb idarəsi və xəstəxanası var. Heç biri də bir-birinin kitabını oxumur. Sığorta sistemini tətbiq etdik, amma əmin olun ki, o sistem həkimlər və xəstəxanalar tərəfindən boykot olunur”. 

Deputat bildirib ki, səbəb həkimlərin daha az qazanması, təchizatın zəif olması, maaşların da aylıq yox, 4-5 aydan bir ödənilməsidir: “Onlara belə sığorta sərf etmir. Xəstə deyəndə ki, sığorta üzrə müraciət edir, ona elə üz göstərirlər ki, xəstə özünü bədənindən 220 volt tok keçən kimi hiss edir. 

Belə sistem olar? Axı hər evdə bir və ya iki xəstə olur. Deməli, hər ailə qəsdən dövlətdən narazı salınır. Səhiyyə sistemində olan xaosu aradan qaldırmaq üçün mütləq bütün tərəflərin iştirakı ilə iclas keçirilməli, konkret təkliflər verilməlidir. Bu sahədə qayda-qanun və dürüstlük, düzgün idarəçilik qurulmalı, paralellik aradan qaldırılmalıdır. Bir ölkədə ancaq bir səhiyyə qurumu olar. Qalanları isə onun koordinasiyası və tabeçiliyində işləməlidir. Bu sahədə olan xaos cəmiyyəti çox narahat edir”.

Parlament üzvü vurğulayıb ki, nə qədər insan incidilir, qapıdan qapıya, xəstəxanadan xəstəxanaya ötürülür:

 “İnsanları futbol topu kimi oradan-ora atırlar. Bu cür pulsuz səhiyyə olmaqdansa, normal qiymətə pullu olsa, daha yaxşı idi. Qonşu ölkələr effektiv üsul tapsalar da, bizdə icbari sığorta 20 ildir ki, düzəlmir. Məsuliyyət və canyandırma da yoxdur. Nə qədər müharibə iştirakçısının əsəbləri pozuldu, bir neçəsi intihar etdi. Bilirsiniz ki, nə qədər vətəndaş əlində resept gəzir? Sığorta zərfinə daxil olan xəstəliklərin də hərəsinə bir bəhanə edib zərfdən kənarda saxlayırlar. Bütün məsuliyyətimlə deyirəm ki, Azərbaycanda ən xaotik sahələrdən biri də səhiyyə sistemidir”.