Tibbi xidmətlərlə bağlı qiymətlər aydın deyil



Millət vəkili deyib ki, bu, sui-istifadə hallarına gətirib çıxaracaq

Milli Məclisin dünənki iclasında tibbi xidmətlərin dəqiq tariflərinin müəyyənləşdirilməsi təklif olunub. “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Vüqar Bayramov deyib ki, qanuna təklif edilən dəyişikliklərdə qiymətlərlə bağlı tariflər dəqiq müəyyənləşdirilməlidir. 

Deputat bildirib ki, layihədə qiymətlərin aidiyyəti qurumlar tərəfindən müəyyənləşdiriləcəyi deyilir. Burada isə qurumların sayı çoxdur: “Ola bilər ki, qiymətlərdə fərqli tariflər təqdim olunsun. Layihədə tariflər dəqiq müəyyənləşməlidir. Digər məqam sığorta olunmayan vətəndaşlarımızla bağlıdır. 

Zərfə daxil olan və daxil olmayan xidmətlərlə bağlı da problem var. Zərfə daxil olmayan xidmətlər vətəndaşlar tərəfindən ödəniləcək.

 Bu, sui-istifadə hallarına gətirib çıxaracaq. Çünki xidmətlərlə bağlı qiymətlər aydın deyil. Səhiyyə müəssisələri tərəfindən bu xidmətlər zərfə daxil olmayan kimi göstərilə bilər. Xidmətlər aydınlaşdırılmalı, sərhədlər müəyyənləşdirilməlidir.

 Təklif olunan dəyişikliklər sui-istifadə hallarına yol açmamalıdır”.