Həkimdən SOS: “Koronavirusun 5-ci dalğası başlanır”

“Təhsil müəssisələrində dərslərin əyani keçirilməsinə icazə verilməsi ilə orta və ali məktəblərdə tələbələrin canlı təması da yoluxmaya öz mənfi təsirlərini göstərdi”

Bu ilin 13 oktyabr tarixində Sumqayıt şəhərində 9-cu sinif şagirdi Kamil Əsgərovun , dünən – 21 okyabrda isə Xudat şəhərində 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicənin  ölümü azyaşlı ölümlərini gündəmə gətirdi. Məktəblərdə ölüm halları nəyə görə artır? Buna səbəb kimi yalnız koronavirusu göstərmək nə dərəcədə doğrudur? 

Mövzu  ilə bağlı "Şərq"ə danışan həkim-cərrah  Adil Qeybulla bildirib ki, koronavirusun artıq 5-ci dalğası başlanması ilə bağlı rəsmi məlumatlar verilib:

“Rusiya, Gürcüstan və İranda epidemioloji vəziyyətin pisləşməsi də bunu sübut edir. Azərbaycanda da yoluxma getdikcə artır. Təhsil müəssisələrində dərslərin əyani keçirilməsinə icazə verilməsi ilə orta və ali məktəblərdə tələbələrin canlı təması da yoluxmaya öz mənfi təsirlərini göstərdi. Auditoriyalarda tibbi maskalardan istifadə etməmək, gigiyenik qaydalara əməl olunmaması təhsil müəssisələrində yoluxma sayını daha da çoxaltdı. Hazırda SARS-CoV-2 virusunun indiki mutogen formullarının gənclər arasında ağır xəstəlik törətməsi hətta, ölüm halları böyük narahatlıq yaradır. O ki qaldı azyaşlıların vəfatına bunların səbəbi daha dəqiq  araşdırılmalıdır”

Həkim-cərrah qeyd edib ki, bütün  ölümləri koronavirusla əlaqələndirmək çətindir:

“Hər halda pandemiya dövründə olduğumuz üçün bizim ilk şübhəmiz bu istiqamətdə yönəlir. Hesab edirəm ki, hələ də ciddi şəkildə bütün karantin qaydalarına əməl etməliyik”.