Uşaqlar arasında soyuqdəymə xəstəlikləri artıb

Ciddi nəzarət edilməlidir, bəzən soyuqdəymə ilə koronavirusun əlamətləri oxşar olur

Bu gün uşaqlar arasında öskürək, qusma, halsızlıq, ishal kimi əlamətlərlə müşahidə edilən xəstəlik yayılmaqdadır. Lakin çox uşaqlarda bu əlamətlər müşahidə edilsə də, hərarətin yüksəlməsinə səbəb olmur. Həkimlər hazırda uşaqlarda müşahidə edilən xəstəliyin konkret hansı virusdan qaynaqlandığını deməkdə çətinlik çəkir.

Məsələ ilə bağlı açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq" açıqlamasında vurğulayıb ki, hazırda soyuqdəymə xəstəliklərinin vüsət aldığı vaxtdır. Professor qeyd edib ki, bəzi xəstələrdə həqiqətən də soyuqdəymə  ilə koronavirusun əlamətləri oxşar olur: 

"Onlar dəfələrlə yoxlanılır, hətta xəstəliyin pik dövründə ağciyərdə bir dəyişiklik olmur, korona testi isə mənfi olur. Son günlər kifayət qədər soyuqdəymə əlamətlərinin vüsət aldığı bir situasiya yaranıb. Belə hallar uşaqlarda da rast gəlinir.  Düzdür, indiyədək uşaqlarda koronavirusun ağır xəstəlik yaratdığı, ölümə səbəb olduğu hallar qeydə alınmır.  Son vaxtlar "Delta" ştammının ard-arda baş verən mutasiyaları koronavirusun klinik əlamətlərinin ortaya çıxma yaşını xeyli cavanlaşdırıb. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı artıq Amerikada 5 yaşındakı uşaqlarda vaksinasiyanın başlanmasını tövsiyə edir. Artıq bununla bağlı müvafiq tövsiyələr verir. Hətta 12 yaşdan yuxarı uşaqların vaksinasiyası ilə bağlı işlər gedir. Bütün bunlar təsadüfi deyil, çünki koronavirusun nə vaxt başa çatacağı ilə bağlı fikir söyləmək çətindir.  Bilirsiniz ki, pandemiya hələ də davam edir. Hər dəfə baş verən dalğalar, hadisələr əvvəlkindən daha intensiv, daha ağır keçir və aşağı yaş kateqoriyalarını əhatə edir. O baxımdan da birmənalı demək çətindir".