Koronavirusla bağlı ölüm sayı bir qədər çoxdur


Mərdan Əliyev: "Bunun da səbəbi insanların həkimə bir az gec müraciət etməsidir"

Pandemiya dövrü yayda başa çatacaq və bu xəstəlik fəsli infeksiyaya çevriləcək

"Avropa pandemiyanın mərkəzinə çevrilir və bu gedişlə daha yarım milyon insan koronadan ölə bilər”. Bu sözləri ÜST-nin Avropa regionu üzrə rəhbəri Hans Klüge deyib. "Avropanın 53 ölkəsində yoluxma sürəti narahatlıq doğurur. Sadəcə bir həftə ərzində ağır xəstə sayı iki dəfədən çox artıb. Ötən il olduğu kimi, bu il də Avropa pandemiyanın mərkəzinə çevrilir. Aradakı fərq yalnız daha çox bilməyimiz və daha çoxunu edəcəyimizlə bağlıdır”, - deyə Klüge bildirib.

Həkim infeksionist-hepatoloq Mərdan Əliyev "Şərq"ə açıqlamasında Azərbaycanda pandemiya ilə bağlı vəziyyətin stabil olduğunu deyib. Onun sözlərinə görə, hazırda yeni yoluxanların sayı zəif tempdə artmaqda davam edir:

 "Sağalanların sayı yoluxanların sayına təqribən bərabərdir. Aktiv xəstə sayı isə çox artmır. Buna görə vəziyyət stabil olaraq qalır. Ancaq ölüm sayı bir qədər çoxdur, bunun da səbəbi insanların həkimə bir az gec müraciət etməsidir. Çünki xəstələr adi qrip olduqlarını zənn edirlər və vəziyyət artıq ağırlaşanda həkimə müraciət edirlər. Çox zaman da belə vəziyyətdə xəstəni xilas etmək mümkün olmur". 

M.Əliyev koronavirusun fəsli infeksiyaya çevriləcəyini deyib:

 "Üzü yaya doğru vəziyyətin bu cür davam edəcəyini gözləyirik, yəni çox sürətli artım müşahidə edilməyəcək. Ondan sonra isə azalmağa doğru gedəcək. Bundan sonra da yəqin ki, pandemiya dövrü başa çatacaq və bu xəstəlik fəsli infeksiyaya çevriləcək. Bu gün koronavirusla bağlı ölüm sayları bir qədər artıqdır. Bu da əvvəlcə dediyimiz məsələlərlə bağlıdır. Ümumi dünya üzrə götürəndə təqribən hesablasaq bəlkə də, elə 1 milyon ölüm sayı ola bilər. Çünki bu tendensiya bütün dünyada davam edir və ölüm sayı bütün dünyada artmaqdadır.  Yəni faiz nisbətini götürəndə yoluxanla ölüm sayı arasında faiz nisbəti bir qədər çoxdur".