Ana südü, dağ çiçəyi! – Süni körpə qidaları baha və zərərlidir: nə hökumət bacarır, nə təbabət... 

Nazim Bəydəmirli:«Süni körpə qidalarının bahalaşmasına səbəb məmur sahibkarlığı və inhisarçılıqdır»

Vaqif Qarayev:“Süni körpə qidaların doğum evlərinə nüfuz etməsini əngəlləmək lazımdır. Bunun üçün də müəyyən inzibati cəza tədbirləri görülməlidir” 
 

Jurnalist  Zülfiyyə Quliyevanın “Facebook” hesabında süni körpə qidaları ilə bağlı paylaşım edib. O bildirib ki, sözügedən qidaların qiymətlərə baxıb “mat qalıb”:
83 manata, 43 manata da uşaq qidası olar? O vaxt mən « Nutrilon»u 7 manata alırdım. Nan baha idi:9 manat. Uşaq böyütmək də bahalaşır. Hökumət isə uşaq pulu verməmək üçün dirəşib. Bu şəkili çəkdim ki, bəlkə, uşaq qidalarının qiymətinə baxıb bir az insafa gələrlər”. 
Həmkarımızın paylaşımı sosial şəbəkədə ciddi müzakirə mövzusuna çevrilib. Onun qiymətinin baha olması ilə yanaşı, körpələr üçün çox zərərli olmasına dair da şərhlər yazılıb. 

Bu barədə “Sherg.az”a danışan iqtisadçı-alim Nazim Bəydəmirli  bildirib ki, bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur:

 “Azərbaycanda bazar iqtisadiyyatının elementləri mövcuddur. Həm də tarifləri dövlət özü müəyyən edir. Bu «süni qiymət artımı» ifadəsi Azərbaycan leksikonuna daxil edilib. Dövlət orqanları bu haqda mütəmadi olaraq danışırlar və sahibkarları günahlandırırlar. Burda sahibkarlarda günah axtarmaq yersizdir. Hesab edirəm ki sahibkar nə qədər qiymət artırsa belə, vergi ilə onun tənzimləməsi mövcuddur. Ona görə də bazar iqtisadiyyatında adətən qiymətlər tələb və təklif üzərində qurulduğuna görə heç kəs maraqlı deyil ki qiymətləri süni şəkildə artırsın. Onsuzda sahibkar süni qiymət artımına getsə, bazardan avtomatik olaraq sıxışdırılıb çıxarılacaq. Onun yerini digər sahibkarlar tutacaqlar”. 

 İqtisadçı « süni qiymət artımı » anlayışını ölkəmizə gətirənlərin, ümumiyyətlə, iqtisadiyyatdan bixəbər olduğunu vurğulayıb: 

“Bazar iqtisadiyyatında bu sözün yeri yoxdur. Azərbaycanda rəqabət mühiti olmadığına görə məmur sahibkarlığı və inhisarçılıq var. Bu mənada təbii olaraq artım və azalma ancaq “böyük oyunçuların” bazarı əldə saxlamasıdır. Çox təəssüf edirəm ki, məlum prosesdən vətəndaşların maddi rifahını daha da pisləşdirmək üçün istifadə edirlər”.  

Süni körpə qidalarının zərərlərindən danışan tanınmış pediatr Vaqif Qarayev diqqətə çatdırıb ki, körpə dünyaya gəldikdən sonra məlumdur ki, o nə iləsə qidalanmalıdır. Bu qidanın da adı ana südüdür: 

“Ana zəhmət çəkib öz balasını südlə təmin etməlidir. Biz həkimlər hər zaman bunun faydalarını qeyd etmişik. Bu südün tərkibində viruslara qarşı mübarizə, immunitet üçün külli miqdarda bioloji aktiv maddələr var. Digər tərəfdən bu proses ananın özü üçün də çox faydalıdır : döş vəzi, uşaqlığı gələcək təhlükələrdən qoruyur. Düzdü, bəzi istisna hallar var ki, məsəl üçün ananın səhhəti ilə əlaqədar olaraq  körpənin qidalanmasında süni qidalara üz tutulur. Bildiyimə görə belə qidaların çeşidi  az olmalıdır. Sovet dövründə üç növü var idi. İndi hansı mağazaya gedirsən, bu süni qidaların vitrini göz oxşayır. Kommersiya maraqlarına görə  atılan belə addımlarla təbabət bacara bilmir. Burda milyardlarla gəlirdən söhbət gedir. Bizim həkimlərin də özünəməxsus xüsusiyyətləri var. Axı yenicə dünyaya gələn körpəyə necə süni qida verə bilərsən?!».

Pediatr doğuş sonrası ana südünün  əvvəllərdə az ola biləcəyini, amma o azın  külli miqdarda verilən belə süni qidalardan daha faydalı olduğunu diqqətə çatdırıb: 

“İnternet əsrində yaşayırıq. Hər bir mövzuda istənilən qədər məlumat əldə edə bilərik. Analar doğum öncəsi şou-biznes xəbərləri oxumaqdansa, belə mövzuları araşdırsınlar. Hazırda bu mövzuda elə bir vəziyyyət yaranıb ki, hökümət qarşısını ala bilmir. Düşünürəm ki, belə süni körpə qidaların doğum evlərinə nüfuz etməsini əngəlləmək lazımdır. Bunun üçün də müəyyən inzibati cəza tədbirləri görülməlidir” .

           Qeyd edək ki,ölkəmizə süni körpə qidaları əsasən Rusiya, Belarus, İsveçrə və Almaniyadan idxal olunur.Bir sıra ölklərdə süni körpə qidalarına marağın qarşısını almaq üçün hamilə qadınlar , analar arasında, tibb müəssisələrində onların reklamı qadağan edilib.