“Omikron” Azərbaycanın da “qapısını döyə bilər”: “Yenidən qapanmalar...”


Koronavirusun Cənubi Afrikada meydana çıxan “Omikron” ştammı  artıq bir sıra ölkələrə nüfuz edib. Bəzi ölkələr yenidən sərhədlərini gediş-gəlişə bağlayıb. Bu addımı atan ilk ölkə isə İsrail olub. Xarici ölkə vətəndaşlarının İsrailə girişinə iki həftəlik qadağa qoyulub. Bununla belə, hökumət komissiyasından xüsusi icazə almış əcnəbilər ölkəyə daxil ola biləcəklər. Bundan başqa, İsrailin hakimiyyət orqanları ölkə vətəndaşlarının koronavirus testinə cəlb olunması ilə bağlı qaydaları bir az sərtləşdirib və infeksiyaya yoluxmuş şəxslərin hərəkətinə nəzarəti gücləndirib. İsraildən sonra Oman, Küveyt və Səudiyyə Ərəbistanının hakimiyyət orqanları da yeni növ koronavirusun aşkarlanması ilə əlaqədar bir sıra Afrika ölkələri ilə qarşılıqlı təyyarə uçuşlarını dayandırdıqlarını elan ediblər.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bazar günü bəyan edib ki, krallıq koronavirusun “Omikron” ştammının yayılması ilə əlaqədar olaraq Anqola, Zambiya, Mavriki, Madaqaskar, Malavi, Seyşel və Komor adalarına uçuşları dayandırır. Bu ölkələrin vətəndaşlarının Səudiyyə Ərəbistanına girişi də qadağan edilib. Oman hakimiyyəti bazar günü Botsvana, Zimbabve, Lesoto, Mozambik, Namibiya, Esvatini, Cənubi Afrikadan bu ölkəyə girişi dayandırmaq qərarına gəlib. Qadağa Oman vətəndaşlarına, diplomatlara və tibb işçilərinə şamil edilməyəcək. Küveyt hakimiyyəti də bazar günündən etibarən Botsvana, Zambiya, Zimbabve, Lesoto, Malavi, Mozambik, Namibiya, Esvatini və CAR-a sərnişin reyslərini dayandırır. Hökumətin sözçüsü Tarik əl-Müzrimin sözlərinə görə, həmin ölkələrdən qayıdan vətəndaşlar yalnız 14 günlük karantindən sonra Küveyt ərazisinə daxil ola biləcəklər. Maldiv adaları da koronavirusun yeni ştammı “Omikron”la bağlı narahatlıq fonunda yeddi Afrika ölkəsindən gəlişlərə məhdudiyyət tətbiq edib. Yerli “Sun Online” qəzeti xəbər verir ki, şənbədən bazara keçən gecə Maldiv adalarının İctimai Səhiyyə Məsələləri üzrə Agentliyinin Baş Direktoru M. Əbubəkr tərəfindən imzalanmış fərmanla Cənubi Afrika, Namibiya, Mozambik, Lesoto, Botsvana, Zimbabve və Esvatinidən giriş yasaqlanıb. Bu qərar Maldiv adalarına getməzdən əvvəl 14 gün ərzində bu ölkələrdə olmuş səyahətçilərə aiddir.

Bu ştamm ölkəmizdə də insanlar arasında təşvişə səbəb olub. Maraqlıdır, yeni ştammın ölkəmizə gəlmə ehtimalı nə qədərdir? Belə olduğu halda yenidən qapanmalara gediləcəkmi ?  


Mövzunu “Sherg.az”a şərh edən  həkim-allerqoloq Şahvələd Məmmədov  “Omikron”un sürətlə yayılan ştammlardan biri olduğunu bildirib: 

“Başlanğıcını Afrika ölkələrindən götürən bu növ artıq Rusiyada da aşkarlanıb. Təbii olaraq bundan sonra ətraf ölkələrə də yayılacaq. Hazırda o qədər də təşvişə düşməyə gərək yoxdur. Amma qorunma vasitələrindən maska, spirt və s.-dən istifadə yenə də mütləqdir. Gigiyenik qaydalara ciddi əməl olunmalıdır”. 

Həkim-allerqoloq  qabaqlayıcı tədbirlər görüldükdə pandemiyalar idarə olunan hala keçdiyini vurğulayıb: 

“Bugünkü gündə pandemiya idarə olunan şəraitdədir.  Qonşu ölkələrlə müqayisədə bizim durumumuz stabildir. Dövlət tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülür. Ancaq insanların özlərində sanki bir arxayınlaşma yaranıb. Qorunma vasitələrindən istifadə etməkdə yayınma halları müşahidə olunur.  Xüsusilə kütləvi toplantı yerlərinə gedərkən ehtiyatlı olmaq lazımdır”.

Ş.Məmmədov  sonda “Omikron” ştammının aşkarlandığı və yoluxama hallarında artımın müşahidə olunduğu təqdirdə yenidən qapanmaların ola biləcəyini diqqətə çatdırıb.