Niyə əllərdə quruma və çatlama yaranır? - Səbəblər və çıxış yolları...





Havaların soyuması ilə dəri quruluğundan şikayət edənlərin sayı da artıb. Bu quruluq daha çox əllərimizdə  özünü büruzə verir. Bəs buna başlıca səbəblər nələrdir?Soyuq havalarda əllərə qulluq zamanı hansı məqamlara diqqət yetirməliyik? Mövzunu dermatoloq  Fərhad Qarayev “Sherg.az”dəyərləndirib. 
O,qış mövsümü ilə əlaqədar bu hala əksər insanda rast gəlindiyini söyləyib:

“Dərimiz lif təbəqə ilə örtülüb. Bəzi nahiyələrimizdə daha çox, məsəl üçün, üz ,sinə, kürəkdə piy ifraz edən vəzilər var. Digər nahiyələrdə də qoruyucu, gözəgörünməz nazik təbəqə mövcudur. Sadə dildə desək, bu yağ təbəqəsidir. Həmin təbəqə həm dərini xarici zərərli faktorlardan qoruyur, həm də dərinin nəmliyini təmin edən suyun buxarlanmasının qarşısını alır. Qışda sərt hava şəraiti , yayda ultrabənövşəyi şüalar, bu və ya rutubətsiz iqlimi olan coğrafiya dəriyə mənfi təsir göstərən amillərdir”. 

Dermatoloq dəri qatına mənfi təsir edən amillər arasında belə təbii proseslərdən əlavə insanların özünün də süni şəkildə yaratdığı amillərin olduğunu vurğulayıb: 

“Buna misal olaraq həddən artıq kimyəvi maddələrdən istifadəni göstərə bilərik. Sual verilə bilər quruma, çatlama kimi belə hallar nəyə görə daha çox əllərdə müşahidə olunur? Məlumdur ki, gündəlik həyatda əllərimizi tez-tez yuyuruq . Bu zaman lif təbəqəni də yuyub aparırıq . Dəri isə onu bərpa etməyi çatdırmır, zədələnir. Quruluq nəticəsində əl üstündə qabığlanma baş verir. Dəri kifayət qədər su itirdikdən sonra da elastikliyini itirir”.

F.Qarayev əllərə qulluq zamanı diqqət yetirməli  olduğumuz  bir sıra vacib məqamları sadalayıb:

 “Dəri lif təbəqəni sintez etməyi çatdırmırsa, biz özümüz onu əvəz etməliyik. Bu məqamda nəmləndirici kremlərdən istifadə zəruridir. Nəmləndirici seçərkən yağ əsaslı olmasına diqqət etməliyik. Su əsaslı olanlardan uzaq durmalıyıq.Yağ əsaslılar həm dərini yaxşı nəmləndirir, həm də onda davamlı qoruyucu təbəqə yaradır. Əllər yuyularkən də bəzi qaydalara əməl olunmalıdır. Əl yuduğumuz sabunlar nəmləndirici əsaslı olmalıdır”. 

Dermatoloq  soyuq hava şəraiti ilə əlaqədar olaraq bir çox insanların əllərini  qaynar su ilə yuduğunu, bununsa  dəriyə ciddi zərər vurduğunu  diqqətə çatdırıb: 

“Əlləri mümkün qədər ilıq su ilə yumaq və hər dəfə yuduqdan sonra nəmləndirmək lazımdır”.