Azərbaycanda ilk dəfə: Qopan orqan 9 saat sonra əməliyyatla yerinə tikildi - Fotolar

Azərbaycanda unikal əməliyyat həyata keçirilib.


Axşam.az xəbər verir ki, usta işləyən şəxsin əli laqunda ilə tam kəsilərək qopub. Ailə üzvləri qopan orqanı da götürüb Bakıya xəstəxanaya gətiriblər. Əməliyyat vasitəsilə xəstənin əli yerinə tikilib. 

Sözügedən əməliyyatı "Bona Dea İnternational Hospital"ın Estetik, Plastik və Rekonstrüktiv Cərrahiyyəsi şöbəsinin rəhbəri, uzman doktor Dilqəm Məmmədov yerinə yetirib. O bildirib ki, bu cür əməliyyat Azərbaycanda ilk dəfədir gerçəkləşib:

"Qopan orqan 2 saat ərzində yerinə tikilirsə, bunun şansı yüksək olur. Çünki 2 saatdan sonra hüceyrələr ölməyə başlayır. Amma burada xəstə bizə müraciət edəndə hadisədən 9 saat keçmişdi. Onun cəmi 1 faiz şansı var idi. 31 yaşlı gəncə bu şansı vermək istədik.

Qısa vaxtda hazırlıqlar görüldü və 8 saat davam edən mikrocərrahiyə sayəsində əl yerinə tikildi. Sümük, damar, sinir bərpa edildi. Replantasiya (ototransplantasiya) uğurla baş tutdu. Xəstə artıq kritik ərəfəni keçib. Həftənin birinci günü evə buraxılacaq. Hazırda əlində millər var, az hərəkət edir. Amma 6 həftədən sonra millər çıxarılacaq və fizioterapiya başlayacaq".

Dilqəm Məmmədov əlavə edib ki, xəstənin ümumi sağalma müddəti 6 ay çəkəcək.

Qeyd edək ki, Dilqəm Məmmədov bundan əvvəl Azərbaycanda 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi, tam yanan üzün öz toxumaları ilə dəyişilməsi, doğuşdan qulağı olmayan uşağa anasından qabırğa alaraq yeni qulaq düzəldilməsi və  doğuşdan çənəsinin sağ tərəfi olmayan uşağa yeni çənə sümüyü düzəltmə əməliyyatı ilə tanınıb.