Polietilenlə “torba tikənlər”! –  Ölüm saçır: "Kağız torbaların istehsalına başlanılmalıdır”  

“Ən yaxşı variant öz yanımızda hazırlanan həsir zənbillər ola bilər. Dünyanın ən ekoloji torbasıdır”

Yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.
“Report” xəbər verir ki, bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.

Sənəd ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.
Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.
Qanun birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Qeyd edək ki, polietilen torbalar uzun müddətdir, qadağan olunub. Ancaq marketlərdə bunun hələ də istifadə edilməsi müşahidə olunur. 

Polietilen torbaların zərərindən “Sherg.az”a danışan Azad İstehlakçılar Birliyinin sədri(AİB) Eyyub Hüseynov hökümətin çoxsaylı tapşırıqları olduğunu vurğulayıb:

“Hətta cənab Prezident İlham Əliyev səviyyəsində insanların sağlamlığı üçün qərarlar mövcuddur. Təəssüflər olsun ki, ardıcıl yerinə yetirilmir. Tütün və tütün məmulatları haqqında qanunu misal göstərə bilərəm. Neçə dəfə dəyişiklik olub. Daha da ciddiləşdirilib. Lakin görürük ki, sağlamlıq müəssisələrinin yanında siqaret satılır. Bizi az ölkələrdə marketlərə girən zaman siqaret reklamları qarşılayır. Ətrafın çirkləndirilməsinin qarşısını almaq üçün hökümət səviyyəsində məsələlər qaldırılıb. Nəticəsi uğurlu olmayıb”.

Təşkilat sədri bildirib ki, 2009-cu ildə Azad İstehlakçılar Birliyi mühitin polietilen torbalarla kirlədilməsinə dair layihə yaradıb:

“Şəhərin Nizami küçəsində böyük küçə nümayişi keçirilib. Həmin torbaları böyük telə taxmışdıq. Dövlət orqanlarına, bu cür torba istehsal edən müəssisələrə təzyiqlər göstərdik. Ancaq nə istehlakçıların davranışı dəyişir, nə də biznes qurulur. 

AİB yalnız onu həyata keçirə bilib ki, Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımından 500-ə qədər ekoloji cəhətdən təmiz ev və bazar torbaları hazırlayıb. Təmannasız şəkildə istehlakçılara paylayıb. Həddindən artıq məmnuniyyətlə qarşılayıblar  İndi də bu torbalardan istifadə edirlər”.

E.Hüseynov çıxış yolu göstərib ki, dövlət qərar verəndə gərək fərqli yollar  tərtib etsin:

"Təəssüf, alternativlər yoxdur. Kağız torbaların istehsalına başlanılmalıdır. Ən yaxşı variant öz yanımızda hazırlanan həsir zənbillər ola bilər. Dünyanın ən ekoloji torbasıdır. Ailə başçısının, kralların, baş nazirlərin, öz ailəsi və xalqı üçün çox yaxşı niyyətləri ola bilər. Lakin ailə üzvləri tərəfindən dəstəklənməsə, hərə bir şey deyərsə, onda bu, xəyal plovu olaraq həmin rəsmilərin beynində qalar. Nə yazıq ki, istehlakçıların və bunu yerinə yetirən dövlət orqanlarının davranışı, ardıcıllığı müşahidə edilmir”.