Səbuhi Məmmədli “Şərq”ə danışdı: “Təcili əməliyyat edib, ayağımı...”

"Əməliyyatım uğurlu oldu. Topçubaşov adına xəstəxanada əməliyyat oldum və buranın ən yaxşı cərrahları məni əməliyyat etdilər". 
Bu sözləri "Sherg.az"a açıqlamasında tanınmış jurnalist Səbuhi Məmmədli deyib. 
Ötən gün ağır əməliyyat keçirən jurnalist hazırda özünü yaxşı hiss etdiyini bildirib:

"Bərpa prosesinə başlamışıq. Həyatım üçün ciddi təhlükə yaranmışdı. Böyrəklərimdə kreatinin miqdarı yüksək idi, şəkər, ürək çatışmazlığı, ağciyərimdə problemlər var idi. Ən ciddi problem qanqrenanın olması idi, əfsuslar ki, fikir verməmişəm, son iki-üç gündə məlum oldu. 

Ona görə də təcili əməliyyat etdilər və ayağımı kəsdilər. İndi özümü biraz yüngülləşmiş hiss edirəm. Ümid edirəm, böyrəklərimdə kreaitin də aşağı düşəcək".

S.Məmmədli əlavə edib ki, xəstəxanada nə qədər qalacağına həkimlər qərar verəcək: 

"Mən ayaq itirmişəm. Bir əzamı itirmişəm. Bu, sadə bir şey deyil, adi barmaq deyil". 

Qeyd edək ki, jurnalist Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb. Onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb. Xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə dializ alır. Hazırda müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir.