Deputat: "Süni mayalanma əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməlidir"

"Süni mayalanma əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməlidir".
“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Azərbaycanda son zamanlar cins seçimi getdikcə artır. Bu sahədə qanunvericilikdə müəyyən dəyişiklik edilsə də, hələ də artım gedir”, - deputat bildirib.
O qeyd edib ki, bu artım hətta bioloji normalardan xeyli yüksəkdir:
“Əgər artım tendensiyası belə davam etsə, gələcək üçün ciddi təhdiddir. Bu baxımdan mövcud göstəricinin qarşısını almaq üçün vacib addımlar atılmalıdır”.
“Bizə müraciət edən qadınlar arasında övladı olmadığı üçün zorakılığa məruz qalanlar heç də az deyil. Bu da ailədə qadınlar üçün ciddi problem yaratmış olur. Süni mayalanma əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməlidir. Çünki sonsuzluq ciddi ailə problemlərinə səbəb olur. Sığınacaq və yardım mərkəzlərinin bölgələrdə də artırılmasının tərəfdarıyam” - deputat əlavə edib.