"Zəlzələdən sonra epidemiyanın yayılma ehtimalı həddən artıq yüksəkdir".
Bunu "Sherg.az"a həkim-nevroloq Qalib Əsədov Türkiyədə məlum zəlzələdən sonra dağıntılar altında qalan insan və heyvan cəsədlərinin çürüyüb, ətrafa kəskin qoxu yayılması və ölkənin antisanitariya vəziyyəti ilə üz-üzə qalmasından danışarkən deyib. Onun sözlərinə görə, vaxtında əks-epidemik tədbirlər görülməzsə, vəziyyət ağırlaşa bilər:
"Baş verən zəlzələnin ardından içməli su xətləri dağılıb. Əhali küçələrdə qalıb. Təbii ki, orada ərzağın saxlanması, insanlara çatdırılmasında sanitar-gigiyenik normalardan söhbət gedə bilməz.
Xüsusilə də, Suriyada durum daha ciddi və kəskindir. Belə bir şərait infeksiya, bakteriya və epidemiyanın yayılması üçün çox əlverişlidir.
Qarşısını almaq üçün vaxtında və ciddi addımlar atılmazsa, ikinci faciə baş verə bilər. Əminliklə demək olar ki, müvafiq qurumlar dərhal işə başlayıb. Türkiyədə yəqin ki, qabaqlayıcı tədbirlər həyata keçirilir. Amma Suriyada buna nə dərəcədə çalışırlar, onu deyə bilmərəm".
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.