Dikdaban ayaqqabılar gözəldir, amma zərərlidir

Əgər gün boyu dikdaban ayaqqabı geyinəcəksinizsə, topuq boyunuz bu uzunluğu aşmamalıdır

  “Dikdaban ayaqqabılardan istifadə qadınlar üçün artıq imtinaedilməz bir hala gəlib. Qadınlar bilir ki, qəşəng bir topuq, ətrafındakı insanların ona baxışında ciddi dəyişikliklər yaradır. Qadın özünü daha gözəl, cazibədar və güclü hiss edir, özünə etibarı artır. Halbuki bu bir paradoksdur” . 
  Bu sözləri fizioterapevt-reabilitoloq Ramin Quliyev deyib. Həkimin sözlərinə görə, qadınları xoşbəxt edən topuqlar, əksər vaxtlarda əziyyət və ağrı çəkmələrinə də yol açır: “Günün sonunda ağrıyan ayaqlarıyla yeriməkdə çətinlik çəkən qadınları gördükdə dikdaban ayaqqabı geyinməyin gözəl, amma zərərli bir şey olduğu qənaət gəlirik. Həm rahatına, həm də görünüşünə əhəmiyyət verən qadınlar dikdaban ayaqqabı seçimində keyfiyyətə üstünlük verməlidir. Ayaqqabının iç qismi sürüşkən və sərt olmamalıdır. Eyni zamanda ayaqlarının təbii quruluşu ilə uyğunlaşmalı, ayaqqabının uzunluğu və eni, ayaqla  mütənasib olmalıdır. Ayaqqabını axşam saatlarında almaq daha məqsədəuyğundur. Çünki günün yorğunluğunu daşıyan ayaqlar, hansı ayaqqabıda rahat edəcəyini daha yaxşı seçir. Ayaqqabı alarkən hər iki ayağa geyinib yoxlamaq lazımdır. Ayaqqabını sınayarkən, yüksək topuq səbəbiylə ayağınızın nə qədər önə çıxdığına diqqət edin. Əgər ayaqqabını geyinən zaman topuğunuzun arxasında işarə barmağınızın rahatlıqla sığacağı qədər boşluq qalırsa, ayağınız çox önə keçirsə, o ayaqqabı ayağınıza yaxşı uyğun gəlmir deməkdir.Barmaqlarda döyənək meydana gəlməsini önləmək üçün, barmaqları açıqda buraxan yüksək dikdaban ayaqqabıları almaq məsləhətlidir. Hər gün eyni ayaqqabını geyinmək olmaz, ən azı bir gün ara ilə fərqli ayaqqabılar geyinilməlidir. Ayaqqabınızı üstü həqiqi dəri, möhkəm, içi və ayaq barmaqları qisminin elastik olacağı şəkildə seçin. Gücləndirilmiş və geniş topuqlu ayaqqabılara üstünlük verin. Ayaqqabılar mokasin tipli olmalıdır, geniş qəliblənmiş, içində ayağımızın sıxışmadığı ayaqqabılar istifadə edilməlidir. Topuq boyu 5 santimetrdən artıq olarsa, gün sonunda ayaqlarınızın yorulduğunu hiss edə bilərsiniz. Əgər gün boyu dikdaban ayaqqabı geyinəcəksinizsə, topuq boyunuz bu uzunluğu aşmamalıdır”.