Həkim həyəcan təbili çaldı: Maskalar qayıdır, peyvənd hazırlanır!

“Omikrondan daha sürətli yayılma gücünə malikdir.  EG.5 artıq çox ölkədə dominantdır".

Bu sözləri "Sherg.az"a açıqlamasında infeksionist-həkim Mərdan Əliyev koronavirusun yeni yayılan ştamı haqda deyib. O bildirib ki, bu ştamın Azərbaycanda gəlmə ehtimalı var:

"Payız-qış mövsümündə yoluxmanın artması müşahidə olunacaq.  Demək olar ki, koronavirusa böyükdən-kiçiyə hər kəs yoluxub və vaksinasiya olub. Bütün yarana biləcək şərait nəzərə alınmalı, tədbirlər görülməlidir.  Maska bu xəstəlikdə ən qoruyucu və gigiyenik vasitədir”.  
Ekspert qeyd edib ki, fərdlər öz  sağlamlığını düşünərək maskalardan istifadə etməlidirlər:

“Yəni dövlətin məcburiyyəti burada rol oynamamalıdır.  Risk qrupuna daxil olan şəxslər, yaşı 65-dən çox olan,  xroniki ağ ciyər xəstələri, qara ciyər serrozundan əziyyət çəkənlər peyvənd olunmalıdır. Həmçinin bu qrupa hədsiz kök şəxslər də daxildir.  Peyvənd olunmalıdılar ki, virusa yoluxmasınlar və ya xəstəliyi daha yüngül şəkildə keçirsinlər. Artıq EG.5 əleyhinə peyvənd hazırlanır. Yəqin ki, yaxın müddətdə ölkəmizə də gələcək. İstifadəsi risk qrupuna daxil olan şəxslər üçün daha vacibdir”.
Səbinə Elmanqızı