Pandemiya başa çatıb, amma təhlükə qalır

İctimai və dövlət maraqlarının müdafiəsi

Vətəndaşlar narahatlıq hiss etdikdə həkimə müraciət etməli, test verməli, müayinə olunmalıdırlar

“Xüsusən kiçik yaşlı uşaqlar, yaşlı təbəqə və xroniki xəstəlikləri olanlar üçün risk qalmaqdadır. Eləcə də ictimai yerlərdə olanlar, əhalinin çalışan təbəqəsi üçün təhlükə sovuşmayıb, çünki insanlar arasında kontakt davam etdikcə, yoluxma ehtimalı da artır”
  Havaların qəfil soyuması, yağıntının çoxalması yay fəslinin bitdiyinə işarə idi. Hərçənd, payız fəslinin daxil olması hələ gerçəkləşməmişdi. Lakin mütəxəssislər artıq həyəcan təbili çalaraq əhalini sağlamlıqlarının keşiyində durmağa, səhhətlərinə ciddi diqqət etməyə çağırdı. Səbəbsə, dünyada koronavirusun yeni variantlarının - Eg.5 ERİS, BA.2.86 və sair sürətlə yayılması və yoluxma sayında artımların müşahidə edilməsi idi. Mütəxəssislərin narahatlığının əbəs olmadığı aydınlaşdı. Ümumdünya Səhiyyə Təşkilatının son bəyanatında bu özünü göstərir. ÜST-nin məlumatına görə, son aylarda dünya üzrə yoluxanların sayı 38 faiz artıb. Avropada yoluxma sayında artım 39 faiz, Sakit okeanın qərbində 52 faiz, Aralıq dənizinin şərqində isə 113 faiz təşkil edir. Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-də COVID-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-də gündə 650 mindən artıq amerikalıda COVID aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları da avqustla müqayisədə 5 faiz artıb. Son həftələr ərzində ABŞ-də COVID-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7 faiz, ölüm halları isə 4,5 faiz artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVID-19-a qarşı vaksin olunmağı tövsiyə edib. Latviyada yayda test nəticələrinin 5-10 faiz pozitiv olduğu halda, hazırda bu rəqəm artıq 25 faizə yaxınlaşır. Ölkə əhalisinə bir həftə evdə qalmaq və digər şəxslərlə kontakt qurmamaq, küçəyə çıxan zaman isə respiratorlardan istifadə tövsiyə olunur. Rusiyanın Altay vilayətində COVID-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb. “Suqruntenfqaz”da yenidən maska rejiminə keçid müzakirə olunur. ÜST risk zonasında olanlar, əsasən, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırıb. Qeyd etməliyik ki, qardaş Türkiyədə də COVID-19-un Eris variantına yoluxmalar müşahidə edilir. Yoluxma sayında kəskin say olmasa da, ölkənin səhiyyə naziri Fahrettin Koca diqqətli olmaq çağırışı edib. Koronavirusun yeni variantı haqqında danışan F.Koca bildirib ki, koronavirus davamlı şəkildə mutasiyaya uğrayır, hər dəfə yeni bir variantda özünü göstərir. Halbuki, COVID-19-un Omicron variantından sonra dünya normal vəziyyətinə dönmüşdü. Lakin yeni variantlar sürətli yoluxma xüsusiyyəti nəzərə alınmaqla həm əlaqədar strukturlar, həm də əhalidən diqqətli və tədbirli olmağı tələb edir: “Bu virus tamamilə yox olmayacaq. Getdikcə daha zəif variantlara dönüşəcək. Lakin əhali, xüsusən yaşlılar, xroniki xəstəlikləri olanlar həmişəki kimi yenə də səhhətlərinə diqqət etməli, müayinə olunmağı gözardı etməməlidirlər”.
  Bəs ölkəmizdə COVID-19-un yeni variantlarıyla bağlı son vəziyyət necədir? TƏBİB-in açıqlamasında qeyd olunur ki, COVID-19-un yeni variantları ölkəmizdə hələ aşkarlanmayıb. Ölkənin tibb müəssisələrində koronavirus xəstələrinin müalicəsi üçün hər bir şərait vardır. Yetər ki, əhali müayinə olunmaq üçün müraciət etsin. Bu, vacibdir. Hazırda stasionar və ya ambulator şəkildə müalicə alan xəstələrə yardımlar göstərilir. Ölkədə karantin rejimi davam etdiyindən müalicə üsulu da əvvəlki səviyyədə olduğu kimi qalır. Azərbaycan əhalisi tam olaraq koronavirus əleyhinə vaksinasiya olunub. Hazırda müəyyən kateqoriyadan olan şəxslər müraciət etdikdə peyvənd olunurlar. Müvafiq tibb müəssisələrində vaksinasiya prosesi bu gün də davam edir. Peyvəndlərlə bağlı bu gün hər hansı sıxıntı yoxdur. Həmçinin Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev də bildirib ki, hazırda ölkəmizdə COVID-19-un "EG.5.1." variantına yoluxmanın olmadığını qətiyyətlə söyləmək mümkün deyil: "Koronavirusun yeni ştammı, həmçinin qrip, digər respirator infeksiyalar nisbətən yüngül formada keçdiyindən insanlar əksər hallarda test vermək üçün xəstəxanaya və poliklinikalara müraciət etmirlər, ev şəraitində simptomatik müalicə alırlar. Bu isə öz növbəsində belə infeksiyalara yoluxmuş insanların rəsmi qeydiyyata alınmasını çətinləşdirir. Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur". V.Əliyev bildirib ki, virusun sürətli yayılma tendensiyasını nəzərə alaraq vətəndaşlar diqqətli və tədbirli olmalıdırlar: "Bütün respirator infeksiyalardan qorunma tədbirləri eynidir. Sanitar və gigiyenik qaydalara riayət edilməsi vacibdir. Bura sosial məsafənin gözlənilməsi, xəstə insanın ev şəraitində izlənilməsi, əl təmizliyi kimi qaydalar və sair aiddir. Yaranmış vəziyyətin təhlükəli həddə çata biləcəyini nəzərə almaqla, vətəndaşların test vermələri, eləcə də COVID-ə yoluxmanın yüksək həddə olduğu vaxtlardakı kimi tələb olunan qaydalara ciddi riayət etmələri vacibdir. Əks halda, COVID-in yeni dalğasının ciddi fəsadları ilə üzləşə bilərik.
  
Həkim-infeksionist Mərdan Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, koronavirus bir RNT virusu olduğu üçün daima mutasiya keçirən bir virusdur:
- ölkəmizdə koronavirusun yeni variantlarına hələ rast gəlinməyib. Amma məlumdur ki, dünyada virusun yeni variantları artıq yayılıb, qonşu ölkələrdə, eləcə də qardaş Türkiyədə az da olsa aşkarlanıb. Ona görə biz də tədbirli olmalıyıq. Vətəndaşlar narahatlıq hiss etdikdə həkimə müraciət etməli, test verməli, müayinə olunmalıdırlar. Sadəcə, koronavirusun yeni variantlarına yoluxma əvvəlkilərə nisbətən daha yüngül formada keçir deyə, vətəndaşlar çox zaman müayinələrə getmir, analiz vermirlər. Üstəlik, koronavirusun yeni variantlarının əlamətləri mövsümi qrip xəstəliyi ilə oxşar olduğundan əhali bunu adi soyuqdəymə hesab edir və evdə müalicəni üstün tutur. Amma bu, təhlükəli haldır. Yeni variantlara yoluxma olarsa, insanlar bunu ağır keçirə bilər və yoluxma sayının artmasına xidmət etmiş olarlar. ÜST də açıqlama yayaraq koronavirusun yeni variantlarına yoluxma sayında artım olduğunu, yoluxma sayının daha da arta biləcəyi və ölüm hallarına səbəb olacağına dair narahatlığını ifadə edib. COVID-19-un daha təhlükəli variantları da ortaya çıxa bilər. Koronavirusun Omicron ştammının alt variantı olan Eris İngiltərədə, ABŞ-də qeydə alınıb. Koronavirusun yeni variantları qlobal təhlükə olaraq qalmaqdadı. Pandemiya başa çatıb, amma təhlükə qalır. Problem həm də bundadır ki, hətta ÜST belə hazırda koronavirusa və onun yeni variantlarına yoluxma sayı haqqında dəqiq məlumatlara malik deyil. Çünki heç də bütün ölkələr bu statistikanı təqdim etmir. Belə vəziyyətdə mövcud durumu real qiymətləndirmək də çox çətindir. Peyvəndlənmə kampaniyası, əhali arasında kütləvi immunitetin formalaşması xəstəliklə bağlı ağırlaşma hallarının azalmasına səbəb olub. İnsanlarda koronavirusa qarşı kütləvi immunitet yaranıb artıq. Lakin bu o demək deyil ki, səhhətimizə qarşı biganə qalmalıyıq. Xüsusən kiçik yaşlı uşaqlar, yaşlı təbəqə və xroniki xəstəlikləri olanlar üçün risk qalmaqdadır. Eləcə də ictimai yerlərdə olanlar, əhalinin çalışan təbəqəsi üçün təhlükə sovuşmayıb, çünki insanlar arasında kontakt davam etdikcə, yoluxma ehtimalı da artır. Nəzərə alsaq ki, artıq payız mövsümündəyik, iqlim dəyişikliyi baş verib, havalar soyuyub, məktəblər, tədris müəssisələri açılıb, kontakt səviyyəsi birə-on artıb. Belə vəziyyətdə ən doğru yol qorunmaqdır, sağlamlığa ciddi önəm verməkdir. Dövlət tədbirlər görür. Stasionar müalicə müəssisələri də işini davam etdirir. Amma elə etməliyik ki, dövlət büdcəsi xəstələrin müalicəsinə deyil, əhalinin daha rifah içində yaşamasına xidmət edəcək sosial layihələrə sərf olunsun. Bu da böyük miqyasda bizdən asılıdır.