Erməni əhalisinin sayı 1 milyona düşəcək

BMT-nin proqnozları da düşmən ölkə üçün ürəkaçan deyil


“Ermənistanda ötən əsrin sonlarından başlayan ciddi demoqrafik problem müharibədən sonra daha da dərinləşib, əhalinin sayı sürətlə azalır, ölüm sayında ciddi artım var”. Bu barədə siyasi şərhçi Tural İsmayılov deyib. Analitik bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan 2022-ci il dövlət büdcəsinin müzakirələri zamanı ölkədəki böhranı etiraf edərək iqtisadi vəziyyətin faciəli olduğunu bildirmişdi. 

Faciəli olan isə təkcə iqtisadi durum deyil: “Ermənistanda əhalinin sayının azalması prosesi 1993-cü ildən başlayıb. 

Əgər həmin il Ermənistanda 3 milyon 463 min 700 nəfər yaşayırdısa, hazırda bu rəqəm 2 milyon 980 min 226 nəfər təşkil edir. Yəni əhali sayı 28 il ərzində təxminən yarım milyon nəfər azalıb. 

Maraqlıdır ki, bu 28 ildə demoqrafik vəziyyətə heç vaxt stabilləşmə və ya artım müşahidə olunmayıb. 

Ermənistan əhalisinin yaxın və uzaq gələcəkdəki sayı ilə bağlı BMT-nin 2019-cu ildə yaydığı proqnozları da düşmən ölkə üçün ürəkaçan deyil. 2050-ci il üçün proqnoz 2 milyon 573 min, 2100-cü il üçün isə 1 milyon 207 min nəfərdir. 

Ermənistan əhalisinin gələcək onillərdə artmaq əvəzinə yarıbayarı azalması, ən yaxşı halda isə olduğu kimi qalması gözlənilir”.