Rus hərbçilər İrəvana "iş" dalınca gedib

Moskva Brüssel görüşünə qədər sərhəd razılaşmasında ilk praktiki addımın atılmasına nail olmaq istəyir

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlıların sabiq komandanı, general Rüstəm Muradovun rəhbərliyi ilə İrəvana səfər edib. Ermənistan Müdafiə Nazirliyi məlumatı əvvəlcə təsdiqləsə də, bir müddət sonra təkzib edib. Məlumdur ki, R.Muradovun sülhməramlı kontingentin rəhbərliyindən ayrıldıqdan sonra yeganə “işi” Azərbaycanın saxladığı erməni hərbçiləri Ermənistana daşımaqdır. Sonuncu erməni hərbçilərlə mina xəritələrinin mübadiləsi ötən həftə baş tutub. 

Bu da Muradovun İrəvana başqa məqsədlə getdiyi ehtimalını gücləndirir. Erməni mənbələr İrəvana gələn rus təyyarəsində Azərbaycan-Ermənistan sərhədinin delimitasiya-demarkasiya prosesində iştirak edəcək hərbçilərin olduğunu yazırlar. İddialara görə, prosesdə Rusiya tərəfindən iştirak edəcək hərbçilərə Muradov rəhbərlik edəcək və sərhədin müəyyənləşməsi prosesi bu həftə başlanacaq.

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, bunu Ermənistan mediasının növbəti iddiası hesab etmək olar. Lakin müəyyən məqamlar məsələyə diqqəti artırır. Analitik vurğulayıb ki, Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana getdiyini təkzib edən ciddi arqument yoxdur: 

“Ermənistan MN də təkzibi təsdiq etdikdən sonra verib və əlavə şübhələr yaradır. Digər yandan Rusiyanın Brüssel görüşünə qədər sərhəd razılaşmasında prosesi sıfır nöqtəsindən tərpətmək istədiyi istisna deyil.

 Soçidə kommunikasiyanın qrafiki ilə bağlı razılaşmanı pozan Ermənistan Avropa masasında dəstək əldə edə bilsə, sərhəd razılaşmasına da eyni münasibəti sərgiləyə bilər. 

Bu riskləri nəzərə alan Moskva Brüssel görüşünə qədər sərhəd razılaşmasında ilk praktiki addımın atılmasına nail olmaq istəyir. 

Paşinyanın ötən həftə partiyasının deputatları ilə qapalı görüşdə sərhədin delimitasiya-demarkasiyası üzrə razılaşmanı müzakirə etdiyinə dair informasiyalar da bu kontekstdə diqqət çəkir. 

Bu amillər Rusiya nümayəndə heyətinin İrəvana səfərinin sərhədlə bağlı olduğu fikrini gücləndirir. Soçi razılaşmasına əsasən, Rusiya sərhədin delimitasiyası prosesində birbaşa iştirak edəcək, demarkasiya prosesində isə nəzarətçi olacaq”.