Qələbə qələbə gətirəcək

Gələn il Ermənistana qarşı daha iki iddia qaldırılacaq

Bundan sonra da Ermənistanı nüfuzlu məhkəmələrdə ifşa siyasətimiz davam etməlidir

Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində iddialarının əksəriyyətinin təsdiqlənməsi Ermənistanda narahatlıqla qarşılanıb. Erməni politoloq və hüquqşünaslar hüquqi müstəvidə bu qələbədən sonra Azərbaycanın iddialarının genişlənəcəyini və bundan siyasi məqsədləri üçün istifadə edəcəyini bildiriblər. Erməni hüquq müdafiəçisi Siranuş Saakyan deyib ki, Azərbaycanın yalnız mina xəritələri ilə bağlı iddiasından imtina edilib, o da ona görə ki, “Ermənistan qorxaq siyasət həyata keçirərək” Haaqa Məhkəməsinin qərarından əvvəl mina xəritələrinin hamısını Azərbaycana verib. 

Saakyan Azərbaycanın demək olar ki, istəyinə tam çatdığını və bunun sonrakı proseslərdə presedentə çevriləcəyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan məhkəməyə yaxşı hazırlaşıb və tutarlı dəlillər təqdim edib, bunun əvəzində isə erməni tərəfi ciddi arqumentlərlə çıxış etməyi bacarmayıb. Saakyan “erməni əsirlər” məsələsində Ermənistanın beynəlxalq məhkəmədə uduzmasının Azərbaycana əlavə şans tanıyacağını qeyd edib: “Bu qərar Azərbaycanın əlinə əlavə kozır verdi və rəsmi Bakı məsələnin qısa müddətdə həlli üçün siyasi güzəştlər tələb edəcək”. Məlumat üçün bildirək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair” iddiasını təmin etməyib. Məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da rədd edilib. Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb. 
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, rəsmi Bakının Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri yalnız bununla kifayətlənmir. XİN rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi Ermənistana qarşı bir sıra Konvensiyalar üzrə, xüsusilə də ətraf mühitə vurulmuş ziyan və enerji resuslarının qanunsuz istismarı ilə bağlı növbəti il dövlətlərarası şikayətlərin irəli sürülməsini planlaşdırır. 

Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov “Şərq”ə açıqlamasında xatırladıb ki, Azərbaycan Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ünvanlamışdı. Ekspertin sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı iddia qaldırmaq Azərbaycanın ikinci təşəbbüsü idi:

 “Ermənistan məsuliyyətdən yayınmaq və prosesi uzatmaq üçün həm Avropa İnsan Haqları, həm də BMT-nin Ədalət Məhkəməsində Azərbaycana qarşı paralel iddialar qaldırmışdı. Məqsədli şəkildə hərbi əsirlərlə bağlı məsələdən sui-istifadə edərək, guya, ölkəmizdə onlara işgəncə verildiyi yalanını ortaya atmışdılar. Qarabağdakı tarixi-dini abidələrimizi “erməni məbədləri” kimi qələmə vermişdilər. Həm də Qənimətlər Parkının erməni xalqına nifrət aşıladığını iddia etmişdilər. 

Lakin ədalət yerini tapdı və ermənilərin absurd ittihamları heç biri məhkəmə tərəfindən qəbul olunmadı. Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını yerinə yetirmək məcburiyyətindədir. Beynəlxalq məhkəmə qərarlarının nə qədər effektli olması ayrıca müzakirə mövzusudur və mübahisəli məsələdir. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uzun müddət icra olunmadığı hamımıza bəllidir. 

Halbuki, qətnamələr qəbul ediləndən sonra Azərbaycan ictimaiyyəti illərlə həsrətlə torpaqlarının işğaldan azad olacağı günü gözlədi. Son nəticədə Azərbaycanın şanlı Ordusu döyüş meydanında qətnamələri icra etdi. Ancaq siyasi və diplomatik baxımdan beynəlxalq məhkəmələrin ədalətli mövqe sərgiləməsi və Ermənistanın əsassız iddialarını rədd etməsi Azərbaycanın ciddi uğurudur. Çünki ortada hüquqi bir sənəd var. Bu, bizə stimul olmaqla yanaşı, həm də gələcək nəsil və tariximiz üçün önəmli nəticədir. Azərbaycan beynəlxalq məhkəmələrdə öz haqqını tələb edir və Ermənistan əleyhinə qərarların alınmasına nail olur”. 

Ə.Şahidov vurğulayıb ki, bundan sonra da Ermənistanı nüfuzlu məhkəmələrdə ifşa siyasətimiz davam etməlidir. Hüquq müdafiəçisi bəyan edib ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmələrə üz tutmaq üçün dəlil-sübutlarımız, səbəblərimiz çoxdur: “30 ilə yaxın müddətdə bir milyon qaçqın və məcburi köçkünümüz doğma yurd-yuvalarından didərgin salınıb. İşğal altında qalmış rayonlarımızı tamamilə yerlə-yeksan ediblər, şəhərlərimiz, kəndlərimizi viran qoyublar. 

Tarixi abidələrimizə, mədəni irsimizə, təbiətimizə dəymiş ziyana görə, Ermənistandan böyük məbləğdə təzminat tələb edilməlidir. Vurğulanmalıdır ki, Ermənistan bu gün də Azərbaycana axan çayları zəhərləməklə, meşələrə od vurmaqla məşğuldur. 

Uzun müddət Avropada girovlarımızın hüquqlarını müdafiə etmiş bir şəxs kimi çox istərdim ki, təxminən 4000-ə yaxın itkinimizin taleyi də beynəlxalq məhkəmələrdə qaldırılsın. Ermənistandan tələb edilsin ki, 30 il ərzində 4 min itkinlə bağlı gizli saxlanılan məlumatları açıqlasın. İrəvan əleyhinə qərarlar çıxarılsa, Paşinyan hökuməti məcbur edilsə, real nəticələr əldə olunar. Hələ də ümidliyəm ki, 30 il keçməsinə baxmayaraq, 4 min insanımızdan sağ qalanlar var. Sözün qısası, Ermənistan üzərində təzyiqimiz davamlı və fasiləsiz olmalıdır. Bir-iki uğurla kifayətlənməməliyik”.