Son deyil: "Gələcəkdə Gürcüstan da "altılıq" platformasına qatılacaq"

Moskvada görüşün keçirilməsi ilk növbədə Azərbaycan və Türkiyə liderlərinin regional əməkdaşlıq təkliflərinin qəbul edilməsi deməkdir

Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Təyyib Ərdoğanın təşəbbüsü ilə yaradılmış “3+3” formatında platformanın ilk iclası bu gün Moskvada keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin müavinləri təmsil olunacaq. Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Ermənistanın “3+3” formatında iştirakı post-münaqişə dövrünü qəbul etməsi və Azərbaycanla sülh sazişini imzalaması imkanlarını artıra bilər. Baş nazir Nikol Paşinyan ara-sıra daxili rəyə ünvanlanmış mesajlar ötürsə də, anlayır ki, bu formatda iştirak və əlaqələrin qurulması qaçılmaz zərurətdir. İrəvanın hədəfi iqtisadi gəlirlər əldə etmək, xüsusilə Türkiyə ilə sərhədlərin açılmasına nail olmaqdır. Bunun da yolu regional əməkdaşlıq təkliflərində yer almaqdan keçir. Ancaq rəsmi Tbilisi Moskvadakı “altılıq” platformasının iclasında iştirak etməyəcəyini açıqlayıb. Gürcüstan Xarici İşlər Nazirliyi məlumat verib ki, “altılıq” formatda iştirak etməməklə bağlı mövqeləri birmənalıdır: “Gürcüstan Xarici İşlər Nazirliyi “3+3” regional əməkdaşlıq təşəbbüsü ilə bağlı mövqeyini dəfələrlə aydın şəkildə vurğulayıb. Biz bu formatda iştirakı nəzərdən keçirməyəcəyik. Ona görə də Gürcüstan dekabrın 10-na təyin edilmiş iclasda təmsil olunmayacaq”. 

“Altılıq” platformasının ilk iclası və Gürcüstanın iştirak etməməsi ilə bağlı “Şərq”ə fikirlərini bölüşən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib ki, Moskvada görüşün keçirilməsi ilk növbədə Azərbaycan və Türkiyə liderlərinin regional əməkdaşlıq təkliflərinin qəbul edilməsi deməkdir. Politoloq vurğulayıb ki, bölgədə sülh və sabitlik istəyən ölkələr əməkdaşlıq platformasından qaçmamalıdır: 

“Platforma çərçivəsində regionla bağlı bir çox məsələlər müzakirə olunacaq, problemlərin həlli istiqamətində söhbətlər aparılacaq. O baxımdan bölgədə yerləşən ölkələrin bu cür formatlarda təmsil olunması çox faydalıdır. Gürcüstan tərəfi ilk günlərdən ikili bəyanatlar verir. Əvvəlcə bir sıra rəsmilər vurğuladı ki, Rusiya ilə münasibətlər olmasa da, Tbilisi regional əməkdaşlıqdan kənarda qalmaq istəmir. Ancaq digər rəsmi şəxslər isə bəyan etdilər ki, Gürcüstan Rusiyanın yer aldığı platformalarda yer ala bilməz. Gürcüstan başa düşməlidir ki, regional əməkdaşlıq platformasında ona yaxın başqa ölkələr var. Azərbaycan və Türkiyə Gürcüstanla yaxın müttəfiq, etibarlı tərəfdaşdırlar. İstənilən məsələdə daim Gürcüstana dəstək vermişik, arxa çıxmışıq. Əksər məsələlərdə mövqelərimiz üst-üstə düşür”. 

F.Sadıqova görə, Gürcüstanın “altılıq” platformada yer almamasının mənfi məqamları var: 

“Gürcüstan Cənubi Qafqaz üçün önəmli ölkədir və ərazisindən bir neçə mühüm enerji-nəqliyyat xətləri keçir. Qonşu Gürcüstan önəmli layihələrin əsas iştirakçısıdır. Tbilisinin gələcəkdə öz yanaşmasını dəyişməsini istisna etmirəm. İlk iclasda iştirak etməsə də, sonrakı görüşlərə qatıla bilər. Ola bilsin, təhlükəsizlik və stabillik amilləri Gürcüstanı da “altılıq” platformasına meyilləndirsin”.