İran, Azərbaycan və Gürcüstan razılığa gəldi

İrəvanın iştirak etmək istədiyi bütün regional layihələr Bakının əlindədir

İran, Azərbaycan və Gürcüstan Fars körfəzi-Qara dəniz marşrutu üzərində razılaşma əldə edib. Bununla Azərbaycan Fars körfəzi ilə Qara dəniz arasındakı daşımalarda əsas tranzit ölkəsinə çevriləcək. Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsinin Qərb marşrutunun genişləndirilmiş forması olan bu layihənin icrası üçün vaxtilə Tehrandan Bakıya təkliflər edilirdi. Lakin İranın Türkiyə marşrutuna alternativin yaradılması planı Azərbaycanın tərəddüdlərinə səbəb olurdu. İndi situasiya dəyişib. İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin əsas təşəbbüskarı olduğu “3+3” formatı İranı da öz daxilində görür. Ankaranın özü də Hind okeanına çıxış üçün bu dəhlizdən istifadə edə bilər.

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, İran bu dəhlizlə Avropa bazarına çıxış imkanını şaxələndirməyi düşünür. Hərçənd, razılaşmanın hər üç tərəfi sanksiyaların dəhlizin potensial daşımalarına problem yarada biləcəyi perspektivini də anlayırlar. Bu baxımdan, Tehranın bu dəhliz üzərindən əldə etmək istədiyi iki qazanc var: 
“Birincisi, İran Cənubi Qafqazda oyundan kənarda qalmayacaq. İkincisi isə “bir kəmər, bir yol” layihəsinin İran üzərindən keçən Cənub dəhlizinin potensialı artacaq. 

Gürcüstan da anlayır ki, İrana qarşı sanksiyalar dəhliz üzərindən Avropa bazarına çıxışın perspektivini azaldır. Lakin Tbilisinin bu layihədə qazancı Şərqə doğru ticarət yollarını genişləndirməkdir. Razılaşmada əsas qazanan tərəf isə şübhəsiz, Azərbaycandır. 

Artıq “Bir kəmər, bir yol” layihəsində Cənub dəhlizinin Azərbaycan üzərindən keçən Orta dəhlizə birləşdirilməsi siyasi və lojistik olaraq həll olunur. 

Bakı Avrasiyanın nəqliyyat şəbəkələrində payını daha da artırır. Ən əsası isə İran Fars körfəzi-Qara dəniz marşrutunu Ermənistan üzərindən keçirməklə Zəngəzur dəhlizinə alternativ yaratma planından imtina etməyə məcbur qalır. Bu,Tehranın “3+3” formatına doğru gəlməsini daha da yaxınlaşdırır. 

Daha mühüm isə odur ki, Ermənistanın yeganə alternativi də əlindən alınmış olur. İrəvanın iştirak etmək istədiyi bütün regional layihələr Bakının əlindədir”.