İran Qərbin ayaq səslərini eşitmək istəmir - ŞƏRH

Ona görə müxtəlif adlar altında

 Ermənistan ərazisində var olmağa çalışır

  “İran Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi ezam etməyə hazır olduğunu bildirir”. Bunu İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib. M.Baqerinin sözlərinə görə, Qafqazda baş verən təhlükəsizlik prosesləri regionun təhlükəsizliyində effektiv təsirə malikdir. Baqeri əlavə edib ki, Qafqazda gərginliyin davam etməsi Ermənistan və Azərbaycan, eləcə də, digər region ölkələrinin xeyrinə deyil: "Bu gərginliyin aradan qaldırılmasına səylər göstərilməlidir və İran gərginliyin aradan qaldırılmasına kömək etməyə hazırdır".
  Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov isə “Sherg.az"a açıqlamasında deyib ki, İran İslam Respublikası regional proseslərdə iştirak etmək həvəsini açıq-aydın büruzə verir: 

“Maraqlı məqam ondan ibarətdir ki, çox qısa zaman aralığı ilə Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İrana səfər edib. İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşdə Xələf Xələfov ikitərəfli münasibətləri müzakirə edib. Tərəflər, eyni zamanda regiondakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.
  Bu artıq İranın mövqeyinin ayırd edilməsi, şimal-cənub dəhlizi ilə bağlı müzakirələr üçün aktuallıq kəsb edir. İran, ümumiyyətlə, uzun müddətdir Ermənistan ərazisində yerləşmək niyyətini ifadə edir. Ermənistanın ABŞ ilə keçirdiyi hərbi təlimlər, Avropa İttifaqının mülki missiyasının Ermənistan ərazisində, Rusiyanın 102-ci hərbi bazasının da Gümrüdə olması fonunda İran müxtəlif adlar altında Ermənistan ərazisində olmaq istəyir. Fransanın Ermənistanı silahlandırması, Qərbi Zəngəzurda konsulluq açmaq kimi niyyətləri də sübut edir ki, Ermənistan xarici güc mərkəzlərinin toplaşdığı bir məkana çevriləcək. Bu baxımdan İran qonşuluğunda baş verən prosesləri sadəcə seyrçi qismində izləmək istəmir. Ermənistan ərazisinə öz nümayəndələrini müşahidəçi qismində belə olsa, ezam etmək istəyi də məhz regionda və Ermənistan ərazisində varlığını sübut etmək istəyindən qaynaqlanır”.
  Politoloqun sözlərinə görə, İranın mövqeyinin neytrallaşdırılması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bunun üçün də iki dövlət arasında gərginliyə səbəb olan məsələlər aradan qaldırılmalıdır: “Artıq Tehrandakı Azərbaycan səfirliyində terror aktını icra edən İran vətəndaşının edam ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Əgər bu hadisə baş versə, İran-Azərbaycan münasibətlərinin inkişafı üçün bir növ təməl rolunu oynayacaq. Hər halda Ermənistanın atdığı addımlar, geopolitik vektorlar arasında oynadığı oyunlardan İran nəticə çıxarmalıdır”.