Deputat: Artıq ikitərəfli təmaslar, görüşlər başlayıb

İrəvanda separatçıların aktivləşməsi və sülhə mane olması mümkün deyil


  Qarabağ separatçılarının tör-töküntüləri İrəvanda “nümayəndəliyin"  fəaliyyətini davam etdirirlər. Hətta “nümayənədlik”də təxribatçı açıqlamalar verir, toplantılar keçirirlər. Hədəflərində sadəcə rəsmi Bakı yox, həm də İrəvan hökuməti var. Məlumdur ki, Ermənistan hökuməti həmin “nümayəndəliyi” yanvar ayının əvvəlində qapatmağı planlaşdırır. Ancaq radikal müxalifət "Qarabağ klanı" ilə birgə buna mane olmağa çalışır. Separatçıları himayə edənlər İrəvanda ciddi qarşıdurma da yaratmaq istəyirlər. Bəzi ekspertlərə görə, separatçıların varlığını sürdürməsi Azərbaycanla danışıqlara mənfi təsir göstərə bilər. Lakin bunun əksini düşünənlərin sayı daha çoxdur. 
 
 Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a bildirib ki, separatçıların aktivləşməsi və sülhə mane olması mümkün deyil. Deputat vurğulayıb ki, artıq bu məsələ tamamilə bitib: 

"Bəzi qüvvələr, radikal qruplaşmalar Ermənistan daxilində müəyyən süni gərginlik, qarşıdurma yaradılmasına çalışa bilərlər. Suyu bulandıra bilərlər. Amma separatizm kimi hansısa ciddi prosesə yenidən başlamaq, Azərbaycana qarşı addımlar atmaq mümkünsüzdür. Əslində Baş nazir Nikol Paşinyanın son açıqlamasında da bu məsələyə toxunuldu. Baş nazir də qeyd etdi ki, Qarabağdakı rejimə ayrılmış pullar Ermənistanın dirçəldilməsinə sərf edilsəydi, daha yaxşı olardı, ölkə inkişaf edərdi. Amma bunu etmədikləri üçün çox ağır duruma düşüblər. Göründüyü kimi, artıq Bakı ilə ikitərəfli təmaslara, görüşlərə başlayıblar. Bu, davam edəcək. Ara-sıra müəyyən açıqlamalar, bəyanatlar olsa da, perspektivi olmayacaq. Artıq sülh sazişi və digər məsələlər konkret müzakirə olunmaqdadır".