Ölkədə keçirilən sorğularda sülhün əleyhinə səs verənlər diaspor nümayəndələri olur
Erməni analitik Tevos Arşakyan vurğulayıb ki, əslində ermənilər sülh və əmin-amanlıq istəyirlər, Qarabağı unutmasalar da, döyüşmək istəmirlər. Ekspertin sözlərinə görə, İrəvanda Azərbaycanla sülh barədə müəyyən sorğular keçirilir və bu sorğularda sülhün əleyhinə səs verənlər diaspor nümayəndələri olur: "Diasporanın əhval-ruhiyyəsi həmişə döyüşə yönəlikdir. Bəs 44 günlük müharibə zamanı bizə kömək etdilərmi? Neçə diaspor nümayəndəsi Ermənistana, Qarabağa döyüşmək üçün gəldi? İndi Ermənistandan minlərlə kilometr aralıda təhlükəsiz olduqları üçün hökumətin sülh proqramına qarşı çıxırlar? Elə isə gəlsinlər özləri döyüşsünlər, bizi niyə yeni müharibəyə çağırırsan?".
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov "Sherg.az"a deyib ki, Rusiya, Fransa, o cümlədən ABŞ erməni lobbisindən istifadə edirlər. Halbuki, bu ölkələr zamanında ATƏT-in Minsk qrupunun həmsədrləri olublar, guya münaqişənin həllinə çalışıblar. Amma arxa planda öz istəklərini həyata keçiriblər:
"Niyə erməni diasporası müharibənin tərəfdarıdırlar və sülhə mane olmağa çalışırlar? Diaspora müharibə və Azərbaycanla gərginlik üzərindən hər il milyardlarla dollar pul toplayır. Dünyadakı ermənilərdən, eyni zamanda ona bağlı qüvvələrdən, qeyri-ermənilərdən, hətta çəkməçidən başlayaraq ən yuxarı dövlət məmuruna qədər vəsait toplayırlar. Sülh sazişinin imzalanması, Azərbaycanla normal münasibətlərin qurulması erməni lobbisinin hazırkı maraqlarına xidmət etmir, onun maliyyə gəlirlərinin qabağını alır. Ona görə də sülhə qarşı çıxırlar. Eyni zamanda erməni diasporasının bağlı olduğu dairələr də tərəflər arasında gərginliyi saxlamaqla həm siyasi, həm də maliyyə dividendləri əldə edirlər. Yəni qeyri-müəyyənlik onlara da sərf edir. Bu baxımdan öz mənafeləri naminə həmin dairələr də erməni lobbisini maliyyələşdirirlər".