Sülh müqaviləsinə ən böyük əngəl Qərbdir - RƏY

İrəvanda polis bölməsinə hücum Qərbin Ermənistan hökumətinə xəbərdarlığı ola bilməz

  İrəvanda polis bölməsinə hücum Qərbin Ermənistan hökumətinə xəbərdarlığıdır.
Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.
Qeyd olunur ki, Ermənistan hökuməti polis bölməsinə hücumun arxasında xarici izlər müəyyən edib. Hücumu törədən şəxslərin Qərbə bağlı birlikdən əmr aldığı deyilib.
Guya ki, Qərb bununla Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalaması və bu istiqamətdə bütün güzəştlərə getməsi üçün təzyiq göstərir. Belə ki, bundan sonra Qərbin Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq arzusu gerçəkləşə bilər.
Nəşrin yazdığına görə, Qərb bununla Paşinyanı xəbərdar edir ki, tədbir görməyəcəyi təqdirdə, onu Qərbin tələblərini yerinə yetirəcək daha radikal hökumət əvəz edəcək.
Qeyd edək ki, martın 24-də üç silahlı şəxs İrəvanın Nor Nork rayonunda polis idarəsinin binasına soxulublar. Sözügedən üç şəxs bölməyə qumbara atsa da, yaralanan ancaq özləri olub. İrəvanın mer müavini Armen Pambuxçyan ölkə paytaxtının polis bölməsinə edilmiş hücumu terror aktı kimi səciyyələndirib.
  Politoloq Əhəd Məmmədli isə “Sherg.az"a açıqlamasında Qərbin Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq üçün Paşinyanı Azərbaycanla sülh müqaviləsi imzalamağa tələsdirməsi inandırıcı deyil: 

“Əgər doğrudan da İrəvanda polis bölməsinə hücum Qərbin Ermənistan hökumətinə xəbərdarlığıdırsa, bu bizim üçün kifayət qədər pozitiv bir prosesdir. Amma bu cür iddialar rusyönümlü ermənilər tərəfindən ortaya atılan bir fikir olduğundan o qədər də inandırıcı görünmür. Doğrudur, Qərb Rusiyanın regiondan çıxmasını istəyir və bununla bağlı Ermənistan hökuməti qarşısında açıq tələblər də irəli sürür. Lakin Azərbaycanla sülh müqaviləsi imzalaması üçün Ermənistana terror yolu ilə mesaj verəcəyini güman etmirəm. Ümumiyyətlə, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması və bu istiqamətdə bütün güzəştlərə getməsi indiki situasiyada Qərbə də sərf etmir. Qazaxın 7 və Naxçıvanın Kərki kəndlərinin Azərbaycana təhvil verilməsi Qərb üçün bir o qədər əhəmiyyət kəsb etməsə də, Zəngəzurun Azərbaycana güzəştə getməsini Qərb də istəmir”.