Leysanlar həqiqəti üzə çıxardı, paytaxtın su-kanalizasiya sistemi iflic həddindədir
Paytaxtda hazırda 3 problem gündəmdədir. Şəhərdə su qıtlığnın yaşanması (Yasamal, Yeni Günəşli, Xətai, Suraxanı, Sabunçu...), bəzi yaşayış məntəqələrndə ərazilərdə çirkab sularının hələ də çəkilməməsi (Maştağa qəsəbəsi), əhalinin sudan korluq çəkdiyi bir vaxtda Binəqədi rayonunda içməli suyun küçəyə axması.
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, belə vəziyyətin yaranması idarəetmədəki nöqsaların nəticəsidir:
- Bilirik ki, Bakı şəhərində su-kanalizasiya sistemi ilə bağlı ciddi çatışmazlıqlar mövcuddur. Paytaxta son yağan leysan xarakterli yağışlar əlaqədar təşkilatlar üçün bir növ test oldu, bir daha sübut olundu ki, su-kanalizasiya sisteminin problemi dərindir, sistem tamamilə yenilənməlidir. Dünyada ağıllı şəhərlər qurulur, yağış sularının təsərrüfat və məişətdə istifadə edilməsi mümkün olur. Təəssüf ki, bizdə bu sistem hələ ki tətbiq edilməyib. Yağış sularının axıdılması üçün müvafiq sistem qurulmayıb. Yağış sularının axması üçün axar olmadığından su toplaşıb qalır, qaldıqca da qurunt sularının yenidən üzə çıxmasına səbəb olur, bu sular gölməçə şəklində aylarla qalır və üfunət qoxuyur.
İ.Hüseynli bildirdi ki, Bakı şəhərinin içməli su ilə təchizatında problemlər var:
- BMT-nin hesabatında içməli sudan əziyyət çəkən ölkələr arasında Azərbaycan 30-cu yerdədir. Bakı şəhərinin içməi su ilə təchizatı 3 istiqamətdəndir. Bəzi yerlərdə Kür suyu, şəhərin bir hissəsində Oğuz-Qəbələ-Bakı su xətti, digər istiqamətdə isə Ceyranbatan su anbarından gələn təchizat xətləridir. Şəhərin su ilə təminatı da fərqlidir. Oğuz-Qəbələ-Bakı xəttilə təchiz olunan ərazilərdə, məsələn Bunəqədi rayonu, digər bölgələrlə müqayisədə su təchizatında imkanlar daha genişdir. Ona görə də su təchuzatında fərqli hallar müşahidə edilir. Bir hissədə çatışmazlıq, bir hissədə isə normal imkanlar var. Amma suyun küçəyə axması və qarşısının alınmaması mən deyərdim ki, cinayətdir. Əgər Bakı şəhərində içməli su küçəyə axırsa, bu, boru partlamasının, texniki qəzanın nəticəsidirsə, təxirəsalınmadan təmir edilməli, qarşısı alınmalıdır. Əgər günlərlə bu davam edirsə və qarşısı alınmırsa, məsuliyyət daşıyan qurum məsulyyətə cəlb olunmalı, cərimə olunmalıdır. Bu, təsərrüfatsızlığın, idarəetmənin doğru qurulmamasının nəticəsidir. Əgər su-kanalizasiya sisteminin idarəolunmasını bələdiyyələrə verib, bələdiyyələrin səlahiyyətlərini artırsaq, seçkili orqan işin düzgün təşkilində daha çox maraqlı olacaq, nəinki vəzifəyə təyin edilmiş dövlət qulluqçusu. Bu gün paytaxtın su-kanalizasiya sistemində mövcud olan nöqsanlar onu göstərir ki, təsərrüfatsızlığın aradna qaldırılması üçün idarəetmədə ciddi islahatlara ehtiyac var.