Ey hörmətli müəllim, hər imtahanda dərdin var!


Sertifikasiya prosesində o qədər çatışmazlıqlar var ki, hansını deyək
“Təhsil sistemi planlaşdırılmanı tələb edir. Amma bizim Elm və Təhsil Nazirliyi bu istiqamətdə ciddi problemlər yaşayır” 

  Ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilir. İmtahan ölkənin 13 müxtəlif şəhərində 23 mərkəzdə təşkil olunub. Qaydaların tələblərinə müvafiq olaraq, test imtahanı ilə bağlı məlumat mayın 18-də iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bütün ölkə üzrə iyunun 20-23-də 20 000-ə yaxın təhsilverən ibtidai sinif, iyunun 24-də isə 8500-dən çox (ümumilikdə 28 min 500 müəllim) təhsilverən Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq. Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan  dərhal sonra namizədə elan edilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.  Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşları 35 faiz, keçid balını toplayan digər təhsilverənlərə isə 10 faiz aylıq əlavələr ediləcək. Ötən il sertifikatlaşdırmadan keçmiş 3 164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə ödənilir. Gələcəkdə motivasiya xarakterli digər addımlar da olacaq.  Direktor və direktor müavinləri seçimində sertifikasiya balı nəzərə alınacaq. Eyni zamanda məktəbəsaslı metodist xidməti üçün sertifikasiyadan keçən müəllimlərə üstünlük veriləcək. 

  Qeyd edək ki, yaşı 60-dan yuxarı olan 5 700-dən çox müəllim sertifikasiya imtahanında iştirakdan azaddır. Yaşı 60-dan yuxarı olan müəllimlər sertifikasiyada könüllü iştirak edə bilər. Lakin 60-ı adlamış müəllimlər bunda maraqlı deyil. Bu səbəbdən ki, keçid balı və ya daha yuxarı bal toplasalar, əmək haqlarına əlavələr ediləcək. Keçid balından aşağı səviyyəyə görə isə əməkhaqlarında heç bir dəyişiklik olmayacaq. Buna görə də boşuna stres yaşamaq istəmirlər. Sertifikasiya imtahanlarından narazılar da az deyil. 
  Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov “Şərq”ə açıqlamasında sertifikasiya imtahanlarındakı çatışmazlıqlardan danışdı: - Təhsil sistemi planlaşdırılmanı tələb edir. Amma bizim Elm və Təhsil Nazirliyi bu istiqamətdə ciddi problemlər yaşayır. 
  Misal üçün: Sertifikasiya prosesi başlayanda elan etdilər ki, MİQ imtahanı Sertifikasiya imtahanına bərabər olacaq, olmadı. Proqnoz verilmişdi ki, ilk Sertifikasiyadan 5-10 faiz müəllim keçməyəcək, amma 11 min müəllimdən 2800 müəllim keçə bilmədi. Dedilər ki, yeni işə qəbul olunmuş müəllimlər 5 il sonra Sertifikasiyada iştirak edəcək, qaydalar dəyişdi, 3 il sonra iştirak etmələri qərara alındı.  Dedilər ki, bütün müəllimlər iştirak edəcək, amma qanuna dəyişikliklər edildi, 60 yaşdan yuxarı olanlar üçün könüllülük prinsipi tətbiq edildi.  60 yaş və yuxarılara edilən dəyişikliklər iyun ayında keçiriləcək Sertifikasiyada iştirak edənlərə şamil olunmayacaqdı, amma imtahana 2 gün qalmış elan etdilər ki, bəs onlar iştirak etməyəcəklər. Siyahını uzatmaq olar. Amma tövsiyə edirəm ki, hər hansı bir fəaliyyəti həyata keçirməyi düşünəndə, onun planını hazırlayıb həyata keçirmək lazımdır.
  Qeyd edək ki, müəllimlərin sertifikasiya imtahanı ilə bağlı sosial şəbəkələrdə də iradlar bildirilir. Misal üçün; 
  Təranə Məmmədtağıyeva:  O vaxt inşanı belə plansız yaza bilməzdik. Mütləq plan tutulurdu. Günlük işin belə planını tutanda iş səliqəli gedir. Pərakəndəlik yorgunluqdur, nizamsızlıqdır. 
  Ləman Fərmanova: Haqlısınız. MİQ-çilərə haqsızlıqdı. Onlarda səhv düzü aparır, sertifikasiyada aparmır. Onlarda suallar nisbətən sadədi, MİQ-də çətin. Kurikulum suallarının sayı MİQ-də 20, sertifikasiyada 10-dur. Və illərlə işləyən müəllim üsyan edir...  
  Miqibtidai Nurəliyev: Yatıb səhər yeni qayda tətbiq edirlər, yəni bunların ipi ilə  getmək olmaz. 
  Aynur Khan: Bizim təhsildən nizam gözləyirsiniz siz?  Gözləməyin, olmayacaq...