“Səndən sənə şikayətim var” - Aslan Kənan Elm və Təhsil nazirinə açıq məktub yazıb


Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, tədqiqatçı-alim Aslan Kənan Elm və Təhsil naziri Emin Əmrullayevə açıq məktubla müraciət ünvanlayıb. Sherg.az xəbər verir ki, tədqiqatçı məktubunda birinci sinfə daxil olmaq üçün imtahan verən nəvəsinin müsahibə mərhələsi ilə bağlı narazılığını ifadə edib.

 Qeyd edib ki, 2017-ci ilin martın 22-də anadan olan nəvəsi Fatimə Mahmudova Fərid qızı 2 yaşında “Good luck” tədris mərkəzinin “Rus bölməsi”nə qəbul olunub və 2023-cü ildə hazırlığı müvəffəqiyyətlə başa vurduğuna görə xüsusi diploma layiq görülüb. F.Mahmudova “Avropa liseyinə” daxil olmaq üçün həmin liseyin müəllimindən xüsusi hazırlıq keçib: "May ayının 24-də nəvəm birinci sinfə daxil olmaqdan ötrü Elm və Təhsil Nazirliyinin 276 saylı məktəbdə keçirdiyi müsahibəyə cəlb olunub. Müsahibə götürənlər 6 yaşlı uşaqla 22 dəqiqə sual-cavab aparıb. Lakin nəvəm ilk dəfə belə vəziyyətə düşdüyündən suallara sıxıla-sıxıla da olsa cavab verib, bu da onları qane etməyib. Mənə elə gəlir ki, 6 yaşlı uşağın düşdüyü vəziyyət onlar tərəfindən normal qarşılanmalı idi". 

A.Kənan bununla bağlı apelyasiya şikayəti verdiyini deyib: "6 iyun tarixində Apelyasiya şıkayətinə baxan Elm və Təhsil Nazirliyinin işçisi F.Mahmudova ilə söhbət aparmadan, kamera ilə tanış olub, sonra uşağın anasına “Siz niyə həyəcan keçirirsiniz uşaq normal cavab verib” deyib. Lakin 7 iyun tarixində cavab gəldi ki, “...sizin apelyasiya müraciətinizə baxılın və komissiyanın rəyinə əsasən övladınızın əvvəlki nəticəsi qüvvədə qalıb”. Maraqlıdır, “Good luck” tədris mərkəzində və “Avropa liseyi”nin “Rus bölməsi”nə daxil olmaq üçün həmin liseyin müəllimindən xüsusi hazırlıq keçmiş uşağa necə “rus dilini bilmir” demək olar. Bununla da məndə 6 yaşlı uşaqdan müsahibə götürən müəllimlərə qarşı ikrah hissi yarandı. Sizin nazirliyin səviyyəsiz işçiləri ucbatından nəvəmin “Avropa liseyi”nin “Rus bölməsi”nə daxil olması üçün verəcək müsahibəyə bir dəfəlik qara xətt çəkildi. Bu da Sizin nazirliyin gələcək nəslə göstərdiyi münasibət".

Alim əlavə olaraq bildirib ki, böyük nəvəsi Mehdi Mahmudlu Fərid oğlu 132-134 saylı tam orta məktəbin 5-ci sinfinin “Rus bölməsi”ndə təhsil alır və dərs əlaçısıdır: "Onu da vaxtilə məktəbə qəbul etmirdilər. Əlaqədar təşkilatların müdaxiləsi nəticəsində məktəbə qəbul olunur. Nəvəm Mahmudlu Mehdi öz ana dilindən başqa rus, ingilis dillərini mükəmməl bilir, hazırda ərəb dilini öyrənir. O, dəfələrlə respublika və dünya üzrə ingilis dili fənnindən birinci yeri tutub, qızıl medala layiq görülüb. Azərbaycan Respublikasının Konstitusiyasının 21 maddəsinin II bəndində deyilir ki, “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”. Mən ruspərəst deyiləm. Uşaqlarımı da ana dilimdə tərbiyə edirəm. Böyük nəvəm rus dili bölməsində oxusa da o, tariximizi, ədəbiyyatımızı, folklorumuzu Azərbaycan bölməsində oxuyan uşaqlardan heç də pis bilmir. Sadəcə nəvəmi rus bölməsində oxutdurmaqda məqsəd, bu dili qrammatik cəhətdən mükəmməl öyrənməsidir. Təsadüfi deyil ki, dili, əlifbası, mədəniyyəti başqa xalqlardan oğurlayan mənəviyyatsız qonşularımızın “dili” Bakı Dövlət Universitetində tədris olunur. Səbəb də aydındır. Məhz mən də bu aydınlıq səbəbindən nəvələrimi rus bölməsində oxutdurmaq məcburiyyətində oldum. Düşündüm ki, sonralar əziyyət çəkib oxumaqdansa, əlavə maliyyə sərf etməkdənsə bu ən gözəl imkandır. Siz də gözəl bilirsiniz ki, rus, ingilis dillərinə ehtiyac duyulur. Heç kimə gizli deyil ki, bu dilləri bilmədən keçinmək çətin olur. Kimsə mənimlə razılaşmaya bilər, lakin bu belədir". 
A.Kənan diqqətə çatdırıb ki, apelyasiya şikayətindən sonra etiraz olaraq yenidən Elm və Təhsil Nazirliyin qaynar xətti ilə əlaqə saxlayıb: "Oradan mənə dedilər ki, bu məsələ ilə Bakı Şəhər Təhsil İdarəsi məşğul olur. Bakı Şəhər Təhsil İdarəsinin rəisi ilə görüşmək istədiyimi bildirdim. Cavabında bildirdilər ki, ilk öncə idarənin sektor müdiri ilə görüşməli, əgər söhmətiniz alınmazsa, o zaman 3 gün müddətinə rəislə görüşə bilərsiniz. 5 gün sonra iyun ayının 12-də Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxladım. Mənə bildirdilər ki, sektor müdiri ilə görüşünüz bir aydan sonra, yəni iyul ayının 17-də baş tuta bilər. Sizə iki dəfə qızım G.Qasımlı bu barədə müraciət ünvanlayıb. Birinci məktubun cavabında bildirilir ki, məktubunuz Bakı Şəhər Təhsil İdarəsinə göndərilib. Qəribədir, biz Bakı Şəhər Təhsil İdarəsinin özbaşınalığını qeyd edirik, lakin Elm və Təhsil Nazirliyi ərizəni həmən idarəyə göndərir. Bu nə ötür-ötürdür? Əgər müsahibə nazirlik tərəfindən keçirilibsə, nə səbəbdən Sizin nazirliyə müraciət olunan ərizəmiz Bakı Şəhər Təhsil İdarəsinə yönəldilməlidir. Axı apelyasiya şikayətimə burada barmaq arası baxıblar. Belə çıxır ki, “səndən sənə şikayətim var”. Həmin şikayətə düzgün baxılarmı?".

Tədqiqatçı qeyd edib ki, nazirliyə göndərilən məktublarla bağlı heç bir əməli tədbir görülmür: "Görünür məktublar ünvanına çatmır. Əks halda bəlkə də Sizin tərəfinizdən müəyyən ölçü götürülə bilərdi. İnanmaq istərdim ki, Elm və Təhsil Nazirliyinin və Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi etinasız işçilərinin bu soyuqqanlığına birdəfəlik son qoyacaq".