Murad Köhnəqala: "Din insanlığa mane olan fəlakətdir" - MÜSAHİBƏ

“Söhbət təkcə islamdan yox, ümumən, kökündə “allah” ideyası olan bütün dinlərdən gedir"



"İrandan gələn maneken oğlan şəkillərinə səcdə edən bir neçə nəfərə demişəm, mütləq sitayiş obyekti axtarırsınızsa,  pensillini icad edərək milyonlarla insanı ölümdən qurtaran Fleminqə, Rentgenə, bəşəriyyəti işığa çıxaran Edisona sitayiş etmək daha məntiqli deyilmi?"




"Mən azad düşüncəli adamam. Nə hakimiyyətin, nə də müxalifətin tapşırığı ilə oturub-dururam. Müxalifət qəzetlərində yazdığım vaxtlarda belə müxalifət rəhbərlərinin sözü ilə bir cümlə də yazmamışam"




Bu ilin 15 oktyabrında 60 illik yubileyini qeyd edən tanınmış şair, publisist Murad Köhnəqala “Şərq”in suallarını cavablandırıb. Yubilyarla 60 illik həyat kredosu, ədəbi yaradıcılığı və digər mövzular ətrafında maraqlı müzakirə apardıq. 

- Yubileyiniz keçirildi. Bir daha təbrik edirik. Bu yubiley tədbiri nəyi ilə yaddaqalan və ya nəyi ilə sentimental idi?

- Mən bu yaşıma qədər geniş ortamda ad günü, yubiley keçirməmişəm. Ümumən, təqvim günlərini əlamətdar hadisə kimi qeyd etmirəm. Amma 60 yaş ömrün böyük bir hissəsi, çoxillik yaradıcılıq fəaliyyətimin yekunu kimi sayıla bildiyindən 60-ı özünə layiq şəkildə qarşılamağı düşündüm. Dostlar, oxucular, ədəbi cameənin nümayəndələri ilə gözəl bir məclis qurduq. 60 illik yubileyim həm də hörmətli Anar müəllimin təşəbbüsü ilə AYB-nin "Natəvan" klubunda da qeyd edildi. Hər iki tədbir yüksək səviyyədə, ürəyimcə oldu. 

- Avqust ayında mən də 30-u tamamladım. İstər-istəməz özümə belə bir sual verməli oldum ki, bu 30 ildə nə etmişəm, nə qazanmışam, nə itirmişəm. Ümumiyyətlə, mən kiməm, kimə, nəyə xidmət edirəm. Yəqin, siz də özünüzə belə suallar vermisiniz. Hətta güman edirəm ki, bundan da kəskin, bundan da sərt...

- Hə, o zaman otuzu adlamağınız münasibətilə sizi təbrik edirəm. 

- Çox sağ olun! 

- Qaldı sualınıza, insan hansı yaşda olmasına baxmayaraq, o sualları hər zaman özünə verməlidi, cavab axtarmalıdı. Bilirsiz, biz elə qaynar həyatın içində olmuşuq ki, bir çox prosesləri anındaca dəyərləndirib nəticə çıxarmağa imkanımız olmayıb, heç bunun haqda düşünməmişik də. Tutaq ki, ictimai bir problem barədə yazıramsa, məqsədim  sadəcə, bu məsələni işıqlandırmaq, insanları maarifləndirmək və onun həllinə nail olmaqdı. Mən adətən, qaldırdığım problemin həll mexanizmini də yazıram. Məsələn, qış vaxtı güclü yağıntı olanda Bakının küçələrini su basır. Bunun səbəbi yol kənarlarında su kanallarının, yaxud yolkənarı kanalizasiyaların olmamasıdı. Yaxud çox zaman görürsən ki, kəndlərdən paytaxta axın edənləri qınayırlar.  Deyirlər, kəndli getsin bostan əksin, şəhərdə iş axtarmasın. Bostan əkmək çox yaxşı işdi, amma bostanı becərmək üçün suvarma sistemləri işlək vəziyyətdə olmalıdı. Əksər rayonlarımızda suvarma işi bərbad haldadı, çünki sovetdənqalma suvarma sistemləri sıradan çıxıb, yerli icra orqanları da problem həll etməkdən boyun qaçırır. Belə olan halda kəndli işsiz, torpaq istifadəsiz qalır, məhsuldarlıq aşağı düşür. Qaldı kimə, nəyə xidmət eləməklə bağlı. Xidmət elədiyim kimsə yoxdu, sadiq olduğum dəyərlər, ideallar var. 



- Murad bəy, yeri gəlmişkən, saytlarda Prezidentin sizə verdiyi evin fotoşəkilləri yayımlandı. Göründüyü kimi ev təmirsizdi. Siz də həmin mənzili təmir etdirməyə maddi imkanınızın olmadığını bildirmisiniz. Bəs təmir üçün hansısa quruma müraciət etmisinizmi?

- Bildiyiniz kimi, bu ilin iyul ayında (mətbuat gününə təsadüf edir) möhtərəm prezidentimizin göstərişi, BŞİH-nin başçısı cənab Eldar Əzizovun sərəncamı ilə mənə, Yeni Yasamalda inşa edilən 14 mərtəbəli binanın 13-cü mərtəbəsində ikiotaqlı mənzil verilib. Mənzil “podmayak”dır, binaya isə hələ heç lift də çəkilməyib. Bilirsiniz ki, dolanışığı yazı-pozu, qonorardan çıxan bir qələm adamı üçün sıfırdan mənzil təmir etdirmək nə qədər ağır məsələdir. Ona görə də evə köçə bilmirəm, hələ də ailəmlə kirayədə qalıram. Təkliflər olur ki, mənzili satım. Bunu qəti şəkildə eləməyəcəm. Bu mənzil prezidentimizin hədiyyəsidi. Mənzilin problemi ilə bağlı BŞİH-nin mətbuat xidmətinə və BŞİH-nin şöbə müdiri Rüstəm Nəcəfova bir neçə dəfə müraciət etmişəm. Onlar da heç cür kömək edə bilməyəcəklərini bildiriblər.  Neyləmək olar ki? İkinci dəfə cənab prezidentə müraciət etməyə utanıram. Belə texniki məsələləri məmurlar həll etməlidi, dövlət başçısı yox.  

- Sosial mediada sizə qarşı kin, küdurət, nifrət, qəzəb ifadə edən adamlar var. Tovuz məhkəməsinin məlum qərarından sonra sizi müdafiə xarakterli bir status yazmışdım. Elə sizin təbirinizcə desək, bir qrup arvad az qalırdı məni sosial şəbəkədə linç etsin. Bu basqı, təzyiq, hiddət nə ilə bağlıdır, sizcə?

- Bəli, elə bir dəstə var. Bu dəstə üç yerə bölünür: 
Əsasən, müxalifətə doluşmuş, “da”,“də”ni ayırd edə  bilməyən savadsız dindarlar, aqressiv dul arvadlar, yaza bilməyən yazarlar. Onları heç vaxt ciddiyə almıram, çünki özləri uğursuz, bədbəxt adam olduqlarına görə hamıya  pislik arzulayırlar. Bir də bir adamı hamı sevə bilməz axı. Adam var mənim fikirlərimi bəyənir, sayğı duyur, adam var, bəyənmir, adam var, başa düşmür, adam da var, şəxsimi tanımadan kölgəmi qılınclayır. Hər cəmiyyətdə bu cür adamlar var. 

- Bəzən sizin feysbukda yazdığınız hansısa loyal statusa rəy yazanlar olur ki, Prezident ev verdi deyə, siz də “satıldınız”. Bu ittihamlar, iddialar nə dərəcədə realdır və sizi incitmir ki?

- Elə fikirləri yazanlar o qədər təmənnalı işlər görüb, əyri yollar gediblər ki, kiminsə haqqının özünə verilməsi, əməyinin qiymətləndirilməsi onlarda neqativ düşüncə yaradır. Ədəbiyyat, yazıçılıq, şairlik o yana dursun, mən müstəqillik dövrü Azərbaycan publisistikasının yaradıcılarındanam. Otuz ildən artıqdır, işləmədiyim qəzet, jurnal, sayt qalmayıb. Ömrüm boyu da heç bir partiyanın üzvü olmamışam, heç kəsin də qarşısında öhdəlik götürməmişəm. Belə olan halda nəyi, necə sata bilərəm? Həmişə bir ziyalı, bir vətəndaş mövqeyində olmuşam və hər zaman da olacağam. Evlə bağlı eyham edənlərə o zaman cavab vermişdim, yenə də deyirəm, sərəncamı, evin açarını mənə BŞİH-nin texniki işçiləri təqdim elədi. Hətta hər hansı rəsmi bir şəxslə də görüşməmişəm. Mən azad düşüncəli adamam. Nə hakimiyyətin, nə də müxalifətin tapşırığı ilə oturub-dururam. Müxalifət qəzetlərində yazdığım vaxtlarda belə müxalifət rəhbərlərinin sözü ilə bir cümlə də yazmamışam. 

- Ustad, bilirəm ki, yaradıcılığınız davam edir. Sizi Murad Köhnəqala edən, bu imzayla daha çox tanıdan hansı şeiriniz, mətniniz olub? Yəni hər poeziya və proza yaradanın bir şah əsəri olur. Sizin şah əsəriniz hansıdır?

- Özümün ən çox xoşuma gələn əsərim uşaqlar üçün yazdığım “Bulud pinəçisi” povestidi. Bu əsər çap olunanda ədəbi aləmdə rezonans doğurmuşdu. Amma sizə deyim, məni daha çox 22 yaşımda ilk dəfə “Ulduz” jurnalında dərc olunan dörd şeirimlə tanıyırlar. İndinin özündə də hətta tanımadığım adamlar olur ki, Murad Köhnəqala olduğumu biləndə yaxınlaşıb görüşür, ovaxtkı şeirlərimdən misralar deyirlər. 

- Bir də sizi daha çox dini məsələlərlə bağlı yazdığınız statuslara və ya yazılara görə qınayırlar... Konkret olaraq dindən nə istəyirsiniz axı?

- Din insanlığa maneə olan və təbii inkişafı geriyə dartan sosial fəlakətdi. Ən böyük alimlər, filosoflar, fikir adamları dini insanlığın ən faciəvi kəşfi kimi dəyərləndiriblər. Söhbət təkcə islamdan yox, ümumən, kökündə “allah” ideyası olan bütün dinlərdən gedir. 

- “Allah” ideyasının nəyi pisdir ki? 

- Söhbət “pis”, “yaxşı”dan yox, “doğru”, “yanlış” prinsipindən gedir. Bax birini deyim. Allaha inanan adam qaranlığa düşəndə bir çıraq yandırmaq üçün yol axtarmır, gözləyir ki, onun taleyi ilə məşğul olan hansısa gözəgörünməz, fövqəltəbii qüvvə ona sehirli çıraqda işıq göndərsin. Beləcə həyatını boş ümidlərlə, cənnət-cəhənnəm kimi təsəllilərlə puça verir. “Allah ruzisini verəcək” deyibən, bir uşaq əvəzinə on uşaq doğub-törəyir, sonra da metroda dilənməyə göndərir. Ona görə də ən bahalı təbii sərvətlər Şərqdən çıxsa da, bütün Şərq dilənçi kökündə yaşayır. Çünki allah belə məsləhət bilib. Kütlələrin bu cür fatalist nağıllarla mürgüləməsi hakimiyyətlərə, din tacirlərinə, Məkkədə “raqatka” satan mafiyalara sərf eləyir. Qonşumuz İranı əsrlərdir, savadsız mollalar belə nağıllarla idarə edir. Nağıla inanan adam hüceyrəni kəşf edə bilərmi? Hüceyrəni kəşf etməkdən ötrü əvvəlcə real aləmə, təbiət qanunlarına fikir vermək lazımdı. Hər şeyin səbəbi və başlanğıcı təbiətdə var. İrandan gələn maneken oğlan şəkillərinə səcdə edən bir neçə nəfərə demişəm, mütləq sitayiş obyekti axtarırsınızsa,  pensillini icad edərək milyonlarla insanı ölümdən qurtaran Fleminqə, Rentgenə, bəşəriyyəti işığa çıxaran Edisona sitayiş etmək daha məntiqli deyilmi? 

- Bəzi şairlər, yazarlar iddia edirlər ki, şərabsız yazmaq olmur. Bu, belədirmi? Bəs içib yazanların yazdıqları təfəkkürün məhsulu olur, yoxsa şərabın? Ümumiyyətlə, şair, yazıçı niyə içməlidir və ya niyə içməli deyil?

- “Şair hökmən içməlidi”- deyə bir qanun yoxdu. İçki yaradıcı adam üçün sadəcə dopinq rolunu oynayır. Vaxtilə özüm də içən olmuşam, amma içkili halda yazdığım bir cümləm də olmayıb. 

- Nə qədər bayağı səslənsə də, reallıq odur ki, bəzən “Ədəbiyyatımız Biləcərini o tərəfə keçə bilmir” kimi iddialara rast gəlirik. Bu düşüncə ilə razısınızmı və ümumən, ədəbiyyatımızın hazırkı durumunu necə qiymətləndirirsiniz?

- “Biləcərini keçmək” məsələsi belədi: Necə ki, təhsildə, səhiyyədə, istehsalatda Biləcərini keçə bilmirik, o cümlədən ədəbiyyatda da bu problemdən əziyyət çəkirik. Biləcərini keçməməyimizin bir neçə səbəbi var. Birinci məsələ ədəbiyyatımızın xarici dillərə tərcüməsinin zəif olması, ikinci və əsas məsələ ortaya çıxacaq məhsulun keyfiyyətidi. Yəni sən “İsrafilin bəylik köynəyi” mövzusunda hekayə yazıb, ingilisdilli auditoriyanın yazıçısına çevrilə bilməzsən. Camaat hermafroditin psixologiyasını yazır, sənin əsərində isə hələ də başlıq puluna görə qızı oğlana vermirlər. 
Üçüncüsü, nəşriyyatların üzərinə qoyulan vergi azaldılarsa,  yaxud tamamilə götürülərsə, ədəbi proses də sürətlənər. Həm kitabın satışı ucuz olar, həm yazıçı maddi gəlir əldə edər, bütövlükdə isə cəmiyyət qazanar. 



- Gənclərimizlə bağlı belə düşüncə formalaşıb ki, bu qədər yaxşı, sanballı mətnlər ortaya qoyurlarsa, niyə heç dünyanı demirəm, MDB məkanında tanınan gənc şair və yazıçımız yoxdur? 

- Bayaq dediyim kimi, ən böyük problem xarici dillərə tərcümə edilməklə bağlıdır. Bu iş bizdə çox zəifdir. Yazıçı yaxşı bir əsər yazır, elə orda da qalır. Bunu tərcümə edən, dünya auditoriyasına çatdıran qurumlar, təşkilatlar, hətta şirkətlər olmalıdır və dövlət, özəl təşkilatlar mümkün qədər bu işə sərmayə qoymalıdır. Sərmayə təkcə maddi sərvətə yox, mənəvi sərvətlərə də qoyulsa, mənəvi sferadakı böhran aradan qalxar. 

- Bəzən gənc şair və yazıçılar iddia edirlər ki, ədəbiyyat, klassik media, teatrlar artıq maarifçilik missiyalarını başa vurublar. Doğrudanmı belədir?

- Ədəbiyyat, teatr, ümumən, incəsənət heç vaxt maarifçilik missiyasından kənarda mövcud ola bilməz. Fərdi şüura hesablanan istənilən bir əsər ictimai mahiyyət daşıyır və özü-özlüyündə bir mesajı, ideyası var. Buna görə də sənət fərdi deyil, kütləvi-psixoloji hadisədi. 

- Ola bilərmi ki, ədəbiyyatla bağlı, ədəbi-bədii məsələlərin teleməkanlarda müzakirəsinə dair hansısa bir layihə təklif edəsiniz. Nəticədə, çayxanalarda aparılan ədəbi müzakirələr efirlərə daşınsın...

- Yaxşı təklifdi. Vaxtilə, mənim bir neçə TV layihəm olub, bəzi TV-lərə təqdim etmişəm, bəyənilib, amma reklam, kommersiya-filan maraqlarına görə həyata keçməyib. Televiziyaların rəhbərliyi əhalini maarifləndirmək işində birbaşa maraqlı olmalıdır, yoxsa nəticə olmayacaq. Müğənnidən sosial ekspert düzəldən televiziyada kitab oxutdurmaq layihəsi çətin həyata keçər.

- İddialar var ki, bizdə milli qəhrəmanlarımız, şəhidlərimiz və ümumən Dağlıq Qarabağla bağlı dünyaya çıxacaq sanballı əsərlər, mətnlər yazılmır. Məxsusi olaraq gənclər buna meyl etmirlər, onlar daha çox erotikadan və ya digər intim məsələlərdən yazırlar. Bu fikirlərlə razısınızmı?

- Qarabağ mövzusunda kifayət qədər sanballı əsərlər yazılıb. Təkcə Aqil Abbasın “Dolu” romanı bu sahədəki boşluğu dolduracaq səviyyədədir. Sabir Əhmədlinin “Qarabağ trilogiyası”, Elçin Hüseynbəylinin “Qarabağ hekayələri”, Şərif Ağayarın “Haramı”sı… Məncə, Qarabağ, qaçqınlıq, müharibə kimi ağır mövzuların filmlərdə işlənməsi daha effektivdir. Məsələn, Mədəniyyət Nazirliyi Qarabağ mövzusunda senari müsabiqəsi elan etsə, yüzlərlə ədib müsabiqəyə əsər təqdim edər. Qaldı gənclərin erotika və digər yüngül mövzulara qaçması, bu, təbii bir şeydi, bütün dünyada gəncləri erotika, məsələn, tarixi xronologiya janrından daha çox maraqlandırır.

- Gənc şair və yazıçılarda özümüzünküləri, öz klassiklərimizi bəyənməmək eqosu var...

- Nəsillərarası savaş bütün cəmiyyətlərdə və bütün sahələrdə baş verir. Ədəbiyyatda da həmçinin. Bu da təbii prosesdi. Lakin nəzərə almalısan ki, tənqid etdiyindən daha ciddi bir iş görə bilmirsənsə, özün qeyri-ciddi duruma düşürsən. 

- Deyirlər ki, ədəbi tənqidçilərimiz nepotizmə yol verirlər. Doğru yanaşmadırmı?

- Qohumbazlıq, yerlibazlıq kimi ənənələr bizdə hər sahədə geniş yayılıb. O cümlədən ədəbiyyatımız da belə alaq otları ilə dolub-daşır. Amma obyektiv tənqidçilər də var, Əsəd Cahangir, Rüstəm Kamal, Vaqif Yusifli, gənclərdən Müşfiq Şükürlü, Şəlalə Göytürk kimi. 

- Eynəksiz görünən bir problem də odur ki, kitab evləri, kitab satış mərkəzləri, kitabxanalarla bağlı da vəziyyət arzuolunan deyil. Sizcə, kitaba, oxu mədəniyyətinə olan itmiş marağı geri qaytarmaq üçün hansı addımlar atılmalıdır?

- Kitab dayanacaqlarının olması çox yaxşı haldı, müsbət addımdı. Amma təkcə bununla xalqı kitaba qaytarmaq mümkün deyil. Millətə kitab oxutdurmaq üçün kitabların fantastik qiymətlərini aşağı endirmək lazımdı. Bundan ötrü isə bayaq dediyim kimi nəşriyyatların üzərinə qoyulan ağır vergiləri maksimum azaltmaq və ya tamamilə götürmək gərəkdi. Kitab ucuz olsa, oxuyanların sayı artacaq. İkinci əsas məsələ isə televiziyalarda kitab təbliğatının aparılmasıdır. Bir müddət əvvəl dostumuz, maarifçi telejurnalist  Elçin Əlibəyli, müəllifi və aparıcısı olduğu “El bizim, sirr bizim” proqramında kitab təbliğatı ilə bağlı xeyli iş görmüşdü. 

- İndiki gənc şair və ədiblərimizə arxalanaraq, “ədəbiyyatımız var” deyə bilərikmi?

- İstedadlı gənclərimiz çoxdu, bəzilərinin çox ciddi ədəbi potensialı var. Amma heyif ki, yersiz ağlaşmaya, dərdə-vərəmə meyillənirlər. Real həyatdan uzaqlaşıb, simvolizm, pessimizm bataqlığında boğulurlar. Əlbəttə, bu, təkcə onların günahı deyil. Özlərindən əvvəlki məktəblərin və dahi kimi qələmə verilən mərsiyəxan şairlərin, o cümlədən rəngarəng mühitin, qaynar proseslərin olmadığı şəraitsizliyin də bu işlərdə rolu böyükdü. Amma yaradıcı gənc özü-özünü bu böhrandan çıxarmalıdır. İntellektini yüksəltməli, rus, ingilis dilini öyrənib dünyanı səyahətə can atmalıdı, çoxlu hadisə görməli, başına oyunlar gəlməli, həyat uğrunda mübarizələrdən sağ çıxmalı, sevgi, xoşbəxtlik, dram, faciə kimi həyat fenomenlərini öz taleyində yaşamalıdır. Bunlarsız ədəbiyyat yaratmaq mümkün deyil.