“Bir səngərdə mübarizə aparıb, bir-birimizə dəstək veririk”   

“Dövlət başçısı İlham Əliyevin müşavirədəki nitqi bütün mühüm sahələri əhatə edir”.

Bunu “Sherg.az”a İcra strukturları ilə bağlı aparılan kadr islahatlarına münasibət bildirərkən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.

R.Zeyni bildirib ki, Prezidentin geniş çıxışında koronavirusla mübarizədə hər bir insanın düşüncəsi və məsələyə münasibəti öz əksini tapdı: 

“Bunlar onu göstərir ki, ölkə rəhbəri bütün məsələlərdən tam məlumatlıdır və nəzarətdə saxlayır. İlk gündən deyirik ki, dövlət tərəfindən atılan bütün addımların hamısı vətəndaşın sağlamlığına və rifah halının yüksəlməsinə xidmət edir. Vətəndaş cəmiyyəti görülən işləri çox yüksək qiymətləndirir. Qeyri-hökumət təşkilatlarının liderləri, nümayəndələri koronavirus təhlükəsi hələ başlamamışdan öz səslərini qaldırıblar. Belə bir təhlükənin qapıda olduğunu bildiriblər. İlk gündən etibarən biz öz ictimai səngərimizdə problemin qarşısının alınması istiqamətində dövlətin və cənab Prezidentin yanındayıq. Həm də xalqımızın və ictimaiyyətin yanındayıq”. 

R.Zeyni vurğulayıb ki, qeyri-hökumət təşkilatları pandemiyaya qarşı mübarizə çərçivəsində bütün kampaniyalarda aktiv iştirak edir: 

“İctimai nəzarət, maarifləndirmə və ictimai monitorinq funksiyalarını yerinə yetiririk. Xeyriyyəçilik tədbirlərində öz imkanlarımız daxilində yer alır və koronavirusa qarşı mübarizə fonduna dəstək veririk. Medianın da işini burada xüsusi qeyd etmək lazımdır ki, bizim gördüyümüz işləri media əks etdirirlər. Bu da ictimaiyyətin məlumatlandırılması üçün çox vacibdir. Bir sözlə, cənab Prezidentin dediyi kimi xalqımız və fəal vətəndaşlarımız bu epidemiyanın qarşısını almaq üçün bir səngərdə mübarizə aparırıq və bir-birimizə dəstək veririk. Bu da çox gözəl ənənədir”.