Kim deyə bilər ki, o yeni ştamm bizdə yoxdur?

Sakitləşmək və vaksinasiyalara qədər səbrli olmaq lazımdır

Avropa Birliyi Böyük Britaniyadakı yeni koronavirus növü ilə əlaqədar vəziyyəti müzakirə etmək və birgə fəaliyyət proqramı hazırlamaq üçün üzv ölkələrin nümayəndələrinin toplantısını çağırıb.

Bu barədə “RİA Novosti” xəbər verib. Xəbərdə deyilir ki, “Avropa İttifaqı şurasının sədri Çarlz Miçel AB ölkələrinin paytaxtları səviyyəsində virusun variantı və bununla bağlı tədbirlər barədə məlumat mübadiləsi üçün toplantı keçirib. İclasda Böyük Britaniya Məşvərət Şurası tərəfindən ölkədə aşkar olunan koronavirus növünün daha sürətlə yayıldığını nəzərə alaraq təcili tədbirlərin həyata keçirilməsindən danışılıb”.

Məsələyə münasibət bildirən həkim nevroloq Pərviz Axundov “Şərq”ə açıqlamasında qeyd edib ki, Britaniya ilə yanaşı olaraq "COVİD-19"un yeni mutasiya tipi Hollandiya, Danimarka, Avstraliyada da aşkar edilib. Həkim qeyd edib ki, hazırda məlum olan odur ki, bu forma daha sürətlə yayılır və məlum testlərlə aşkarlanmaya bilər:

“Yəni yalançı neqativlik verə bilər. Amma ölüm faizinin digər məlum ştammlardan çox olması barədə heç bir məlumat yoxdur. Həm də hazırlanan peyvəndlərin ondan yan keçməsini göstərən hər hansı bir sübut yoxdur. İndi keçək özümüzə. Kim deyə bilər ki, o yeni ştamm bizdə yoxdur? Son həftələr müşahidə edilən sürətli yoluxma və çoxsaylı yalançı neqativ cavablar dolayısı ilə buna işarə etmirmi? Ümumiyyətlə, mutasiyanın çoxsaylı dərman müalicələri fonunda və immunosupressiv (immunitet sisteminin zəifliyi) vəziyyətdə olan orqanizmlərdə yaranma ehtimalı çoxdur. Bizdəki qədər deksametazon və antibiotik təyin edilən az ölkə var. Və bu dərmanların da immunsupressiv vəziyyətə səbəb olması bilinir. Ona görə də sakitləşmək və vaksinasiyaya qədər səbrli olmaq lazımdır”.