Hamı narazıdır... Ağır xəstə evdə boğulur, klinikaya yol tapa bilmir

Pandemiyanın ilk gündən səhiyyə sistemi düzgün koordinasiya olunmadı

Dərman satışını həyata keçirən bəzi işbazlar əhalinin çarəsizliyindən, bilgisizliyindən sui-istifadə edərək preparatların qiymətini süni şəkildə artırırlar, öz mənfəətləri üçün çalışırlar

COVİD-19 virusuna yoluxanların çoxalması ilə paralel vacib dərmanlara tələbat da artıb. Ancaq belə məqamda dərmanların tapılmaması, yaxud həddindən çox baha olması vətəndaşların haqlı narazılığına səbəb olur. Halbuki, dərman təhlükəsizliyi xüsusilə koronavirus dönəmində ən zəruri məsələ hesab olunur. Əhalinin fasiləsiz olaraq dərman vasitələri ilə təmin edilməsi də dövlətin əsas prioritet vəzifələrindən biridir. Dərman qıtlığı və bahalaşma Milli Məclisin ötən gün keçirilən iclasında da gündəmə gətirilib.

Parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov apteklərdə antiviral dərmanların süni qıtlığının yaşandığını, bununla bağlı ciddi tədbir görülməsinin zəruriliyini diqqətə çatdırıb. Deputatın sözlərinə görə, ölkəmizdə kifayət qədər dərman ehtiyatı var, amma bu qıtlığı süni olaraq yaradırlar: “Bundan vəsait qazananlar var”. Millət vəkili Zahid Oruc da səhiyyə sistemindən narazılıq ifadə edib. Bildirib ki, Səhiyyə Nazirliyi və TƏBİB-ə güvən aşağıdır: “Müvafiq qurumlar bu istiqamətə nəzarəti gücləndirməlidir. Dərmanların qiymətləri bahadır və bu, ciddi problemdir. 40 manata olan “Favipiravi”nin 500 manata satılır. Əslində bu, cinayət əməlidir”.

Uzun zamandır müzakirə olunan problemlə bağlı “Şərq”ə danışan tibb elmləri doktoru Adil Qeybulla deyib ki, pandemiya ilə əlaqədar səhiyyə sistemində, xüsusən dərmanların verilməsində proses ilk gündən düzgün koordinasiya olunmadı. Həkimin sözlərinə görə, preparatların satışında və virusla bağlı testlərdə koorporativ maraqlar daha çox rol oynayır:

“Ağır xəstə var, evdə boğulur, nəfəs ala bilmir, amma yüngül xəstə başqa “üsullarla” klinikaya yol tapır. Bu, dəhşətdir, biabırçılıqdır. Evdə müalicə ilə xəstəxanadakı müalicənin meyarları olmalıdır və ictimaiyyətə düzgün açıqlanmalıdır. Əfsuslar olsun ki, həm müalicə, həm də dərmanlarla bağlı maarifləndirmə sıfır səviyyəsindədir. İnsanlar bu sahədə məlumatsızdır. Dərman satışını həyata keçirən bəzi işbazlar əhalinin çarəsizliyindən, bilgisizliyindən sui-istifadə edərək preparatların qiymətini süni şəkildə artırırlar, öz mənfəətləri üçün çalışırlar. Həm də qəsdən müəyyən dərmanların qıtlığını yaradırlar”. 

A.Qeybulla vurğulayıb ki, apteklərdə dərman satışı ilə bağlı vahid qiymətlər müəyyən olunub:

“Sadəcə müəyyən dərmanların qıtlığı yaranan kimi onları “altdan” baha qiymətə satırlar. Dərman real qiymətindən dəfələrlə baha təklif olunur. İnsanlar da məcbur qalıb alırlar. Yəni şişirdilmiş qiymətlər Taarif Şurasının müəyyən etdiyi hədd deyil. Bu, qeyri-qanuni satışdır”.