Etirazları sosial şəbəkələr vasitəsilə aparmalıyıq

Elnur Eltürk: "Türkiyə-Azərbaycan diasporu fəaliyyətini daha da sıxlaşdırmalıdır"

Hər il olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər qondarma 24 aprel erməni soyqırımına ciddi hazırlıq görürlər. Lobbi dairələrinin hazırlığından görünür ki, ermənilər reallıqda yaşanmamış bir hadisə ətrafında yenidən şou düzəltməyə çalışacaqlar. 44 günlük müharibənin acı məğlubiyyətinin “əvəzini çıxmaq” üçün Azərbaycan və Türkiyəyə nifrətlərini, kinlərini qusacaqlar. Ermənilərin əsas qayəsi Amerika Prezidentinin “soyqırım” ifadəsini işlətməsinə nail olmaqdır.

Co Bayden Administrasiyası da erməni diasporası tərəfindən təzyiqlərə məruz qalmaqdadır. Lakin Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, ABŞ Prezidenti “erməni soyqırımı” deyərsə, ikili münasibətlərə xələl gətirər. Nazir vurğulayıb ki, əgər beynəlxalq hüquqa hörməti varsa, Amerika Prezidenti “erməni soyqırımı” deməməlidir:

“Co Bayden 24 apreldə hüquqi əsası olmayan qondarma erməni soyqırımı ifadəsini səsləndirərsə bu, Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə bilər. Amma biz cənab Baydenin nə deyib-deməməsindən narahat deyilik. Çünki onun sözləri tarixi həqiqətləri və erməni iddialarının əsassız olduğunu dəyişmir”.

Diaspor üzrə araşdırmaçı-ekspert, “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk “Şərq”ə açıqlamasında bildirib ki, qondarma erməni soyqırımı məsələsi hansısa xarici qüvvələrin və dövlətlərin əlində oyun alətidir. Ekspertin sözlərinə görə, əslində erməni məsələsi onların veclərinə deyil:

“Son 150 ildə ermənilərdən alət kimi istifadə ediblər. Osmanlıya qarşı necə istifadə olunublarsa, bu gün də Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə olunurlar. İnanmıram ki, Bayden hakimiyyəti qondarma soyqırımı tanısın. Amerikada yaxşı dərk edirlər ki, tarixi əsası olmayan hadisəyə hüquqi qiymət verilə bilməz.

Düşünürəm ki, Bayden özündən əvvəlki sələfləri kimi davranacaq. Ümumi sözlərdən o yana keçməyəcək. Baydenin qondarma soyqırımı tanıması Amerika-Türkiyə münasibətlərində uçuruma səbəb olar. Onsuz da iki ölkə arasında münasibətlər kövrəkdir. Üstəlik, Türkiyənin dünyada hərbi-siyasi və iqtisadi gücü artmaqdadır. Amma biz yenə də boş dayanmamalıyıq. Sistemli şəkildə fəaliyyətimizi davam etdirməliyik”. 

E.Eltürk vurğulayıb ki, xüsusilə, Türkiyə-Azərbaycan diasporu fəaliyyətini daha da sıxlaşdırmalıdır:

“Vahid istiqamətdə fəaliyyəti gücləndirməli və birgə addımlar atılmalıdır. Xüsusilə, parlamentarilərlə, siyasi dairələrlə, media nümayəndələri ilə əlaqələr ən üst səviyyədə saxlanmalıdır.

Pandemiya dövrü olduğu üçün kütləvi etirazların keçirilməsinə icazə verilmir. Etirazları sosial şəbəkələr vasitəsilə aparmalıyıq. Sosial şəbəkələrdə aparılan təbliğat effektiv olur. Siyasətçilər yazılan rəylərlə hesablaşırlar. Bəzən əleyhimizə yazılan statusları silməyə məcbur olurlar. 

Nüfuzlu xarici mətbuatda tarixi, elmi və akademik mövzuda məqalələrin çap olunması diqqətdə saxlanmalıdır. Xaricdə nüfuzlu qəzetlərin, elmi jurnalların siyasi-ictimai və akademik dairələrə təsir imkanları böyükdür”.