Rusiya Ermənistana təzyiq etməlidir

Mina xəritələrinin verilməməsi insanlıq əleyhinə cinayətdir


Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində növbəti dəfə minalanmış ərazilərdən və xəritələrdən bəhs edib. Dövlət başçısı vurğulayıb ki, Ermənistan tərəfinin mina xəritələrini verməməsi prosesi daha da çətinləşdirir. Ölkə başçısı minalanmış ərazilərlə bağlı xəritələrin ermənilərdə olduğunu bildirib: “Bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub.

Bu istiqamətdə işlər davam etdiriləcək”. Lakin ölkə rəhbəri əlavə edib ki, hər şeyə rəğmən işğaldan azad edilmiş ərazilərimizin təmizlənməsi sürətli şəkildə həyata keçirilir və yeni avadanlıq alınır: “Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib”.

Dövlət başçısının diqqət çəkdiyi məsələni “Şərq”ə dəyərləndirən İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib ki, minalar hərbi əməliyyatlar getdiyi, münaqişə davam etdiyi müddətdə istifadə edilir. Onun sözlərinə görə, Ermənistan kapitulyasiyanı qəbul etdiyindən hərbi əməliyyatlar da bitmiş sayılır:

“İşğaldan azad edilmiş ərazilərdəki minalar hərbi statusunu itirib və mülki əhaliyə qarşı çox ciddi təhlükəyə çevrilib. Minaların mülki əhaliyə zərər verməsinin qarşısını almaq üçün 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyası və 1977-ci ildə əlavə edilmiş protokollar var. Həmin konvensiya və əlavə protokollar mülki-humanitar hüququn prinsiplərinə əsaslanır. Hazırda Ermənistan mina xəritələrini verməməklə bu konvensiyanın şərtlərini ciddi şəkildə pozur. Bu isə dövlət səviyyəsində faşist siyasəti yürüdən Ermənistanın insanlıq əleyhinə növbəti cinayətdir. Fikrimcə, 10 noyabr bəyanatını imzalayan tərəflərdən biri kimi Rusiya bu məsələyə görə cavabdehdir. Çünki hazırda Rusiya sülhməramlıları təhlükəsizlik və bir çox məsələlərdə vasitəçidirlər. Xəritələrin verilməməsinin səbəbi sözsüz ki, işğaldan azad olunmuş ərazilərə azərbaycanlıların qayıtmasına əngəl yaratmaqdır”. 

QHT rəhbərinin fikrincə, Azərbaycan dövləti Böyük Qayıdış prosesinə planlı və strateji formada yanaşır:

“Bu sıraya infrastrukturun yaradılması, təhlükəsizliyin təminatı, məskunlaşma, məşğulluğun təmin olunması və s. daxildir. İlk növbədə əhalinin təhlükəsizliyi məsələsidir. Problemlə əlaqədar dövlət tərəfindən bir neçə istiqamətdə iş aparılır, minatəmizləmə işləri sürətlə aparılır. Cənab Prezidentin fərmanı ilə Minatəmizləmə Agentliyi yaradıldı. İnsan və texniki resursların artırılmasına başlanıldı. Bu təşəbbüslər hökumətin bu işi daha tez yekunlaşdırmaq niyyətindən xəbər verir.

Çünki keçmiş məcburi köçkünlər haqlı olaraq tezliklə öz ata-baba yurduna dönmək istəyirlər. Azərbaycan Rusiya vasitəsilə Ermənistanı mina xəritələrinin verilməsinə məcbur etməyə çalışır. Digər yandan məsələni beynəlxalq platformalara daşıyır. Təəssüf ki, beynəlxalq təşkilatların və güc mərkəzlərinin ikili standartları 30 ilə yaxındır bizə yaxşı tanışdır. Buna baxmayaraq Ermənistanın təcavüzkar siyasətinin ifşası baxımından bu fəaliyyətlərin genişlənməsi çox vacibdir”.  

C.Hüseynzadə bəyan edib ki, dövlət başçısı tərəfindən xəritələrin alınması istiqamətində çoxtərəfli iş aparılır. Ancaq bir çox məqam diplomatik sirr olduğu üçün bəzən açıqlanmır:

“İmkan düşdükcə və ehtiyac yarandıqda bu məlumatlar vaxtaşırı ölkə ictimaiyyətinə çatdırılır. Xəritələrin taleyindən asılı olmayaraq, Azərbaycan minatəmizləmə əməliyyatlarını sürətlə aparır. Ölkəmiz dost ölkələrin dəstəyi ilə prosesi bir qədər də sürətləndirməyə çalışır. Artıq Türkiyə və bir neçə digər dövlətlərin dəstəyi görünür. Başqa bir istiqamət isə beynəlxalq təşkilatların prosesə cəlb olunmasıdır”.