Bakı rus qoşunlarının Azərbaycandan çıxarılmasını tələb etməlidir

Tural Abbaslı: "Niyə general Rüstəm Muradov Bakıya avtobus göndərmir ki, Xankəndi qeydiyyatında olan vətəndaşlarımız öz doğma yurdlarına, qanuni mülklərinə geri dönsünlər?"

“Rusiya sülhməramlıları artıq öz missiyalarının öhdəsindən gəlmədiklərini etiraf etməlidirlər”. Bunu “Şərq TV”də çıxışı zamanı AĞ Partiya sədri Tural Abbaslı səsləndirib. Partiya rəhbəri bildirib ki, rəsmi Bakı rus qoşunlarının Azərbaycandan çıxarılması tələbi ilə çıxış etməlidir: “Əgər Rusiya sülhməramlıları Xankəndidə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına mane ola bilmirsə, orada bizim vətəndaşlarımızı qoruya biləcəkmi? Aydın görünür ki, Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirmir.

10 noyabr Bəyanatına görə, Qarabağda erməni silahlıları qalmamalıydı. Amma hələ də oradan çıxarılmayıblar və özləri üçün “postlar” qurublar. Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında sülhün yaradılmasına, hər iki xalqın nümayəndələrinə bərabər şərait yaradılmasına xidmət edən addımlar atmır. Ruslar Qarabağa gələndən sadəcə bir icmanın - ermənilərin qulluğunda dayanıblar. Sülhməramlıların işi ermənilərə mədəniyyət evi, yaxud hamam, sanitar qovşağı və s. tikmək, yol çəkmək deyil ki.

Niyə general Rüstəm Muradov Bakıya avtobus göndərmir ki, Xankəndi qeydiyyatında olan vətəndaşlarımız öz doğma yurdlarına, qanuni mülklərinə geri dönsünlər? Ermənilərin qayğısına qalırlarsa, onları hər cür şəraitlə təmin edirlərsə, azərbaycanlılarla bağlı da eyni addımları atsınlar”. 

T.Abbaslı Rusiyanın separatçı Araik Arutyunyanla əməkdaşlığını da sərt tənqid edib:

“Separatçı Araik Arutyunyan özü etiraf edib ki, Gəncə və Bərdəyə raketlərin atılması əmrini o verib. Bu açıqlamadan sonra Kreml rəhbəri quldur Arutyunyanla nəyi müzakirə edir? Bağlı qapılar arxasında nələrdən danışılır? Rusiyanın xüsusi xidmət orqanları Arutyunyanı hansı statusla qəbul edirlər, görüşdə masanın üzərində hansı bayraq olur?

Mən də təklif edirəm ki, Çeçenistanın xarici işlər naziri olmuş Zakayevi Bakıya dəvət edək. Əgər separatçı dediyimizlə Moskvada görüşlər keçirilirsə, biz də onların separatçı dedikləri ilə bir araya gələk. Belə olarmı?