Fransa yenə öz ampluasındadır

Bu ölkə hər addımda ermənipərəst mövqeyini ortaya qoyur

"Azərbaycan ictimai rəyində Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyinə çox ciddi və əsaslı şübhələr mövcuddur"

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransa yenidən fəallaşıb. Təbii olaraq rəsmi Parisin budəfəki canfəşanlığı da ermənilərlə bağlıdır. Məlum olduğu kimi Fransa Senatının sədri Jerar Larşenin rəhbərlik etdiyi nümayəndə Ermənistanda səfərdədir. Senatın xarici əlaqələr, müdafiə və silahlı qüvvələr komissiyasının sədri, fraksiya rəhbərləri və Ermənistan-Fransa dostluq qrupu rəhbərinin də qatıldığı geniş tərkibli nümayəndə heyəti 3 gün ərzində Yerevanda olub. Fransızlar qondarma “erməni soyqırımı"nın ildönümü ilə bağlı tədbirlərdə də iştirak ediblər. Səfər ərəfəsində Senat sədri Jerar Larşe “…ermənilər üçün belə bir ağrılı-acılı zamanda səfər etmək Fransanın Ermənistanla həmrəyliyini nümayiş etdirmək məqsədi daşıdığını“ bildirib. Senat sədri deyib ki, ölkəsində nə qədər siyasi baxış müxtəlifliyi hökm sürsə də, bütövlükdə Fransa ermənilərin yanında dayanır. Larşe əlavə edib ki, rəsmi Paris ermənilərə yardım etmək üçün Minsk qrupunun, yəni həmsədrlik institutunun fəaliyyətini gücləndirməli və artıq bitmiş hesab olunan “Qarabağ münaqişəsi”nin həlli prosesinə müdaxilə etməlidir. Yerevan hökuməti fransalı qonaq üçün qondarma sərgi də hazırlayıblar. Ermənistan Xarici işlər naziri Ara Ayvazyan Fransa Senatının sədri Jerar Larşeyə sərgi barədə verdiyi məlumatları sosial şəbəkədə yayıb. Fotolardan aydın olur ki, Ayvazyan Fransa Senatının sədrini inandırmaq üçün dəridən-qabıqdan çıxır. Ara Ayvazyan Jerar Larşeni inandırmağa çalışıb ki, 161 kilsə, 600-ə yaxın xaçkar, saray, körpü və 19 minə yaxın muzey eksponatı da daxil olmaqla 1500-ə yaxın mədəniyyət məkanı “təhlükə” altındadır. Ermənilərin xisləti budur və belə bir yalançı millətlə qonşu olmağın özü təhlükədir. Üstəlik, həmişə ermənipərəst mövqeləri ilə diqqət çəkən Fransa hökumətinin bu dəfə də belə bir saxta tədbirə Senat sədri Jerar Larşeni göndərməsini anlamaq o qədər də çətin deyil. 

Jerar Larşe hələ 2001-ci ildə Senat tərəfindən “erməni soyqırımı"nın tanınmasını xatırladıb. Bunu “erməni əsilli fransızların bütün çətinliklərə baxmayaraq, fransız cəmiyyətinə uğurla inteqrasiya olunmasına və töhfələr verməsinə layiqli cavab” kimi dəyərləndirib. Keçən ilin 25 noyabrında Fransa hökumətinə “Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını” təklif edən qətnaməni xatırladan sədr vurğulayıb ki, bu addım Ermənistanın etibarını doğrultmaq üçün atılıb. ATƏT, Aİ və digər beynəlxalq təşkilatların seyrçi mövqe tutması Fransa senatorlarının demək olar ki, yekdilliklə bu qətnaməni dəstəkləməsinə səbəb olub. Senat sədri Azərbaycanda saxlanan “hərbi əsirlərin” dərhal qeyd-şərtsiz qaytarılmasını və azad olunmuş ərazilərdə “erməni tarixi-mədəni irsinin məhv edilməsinə” son qoyulmasını da tələb etdiklərini bildirib. Bir sözlə, Fransa Senatının sədri 30 illik işğaldan sonra azad olunmuş ərazilərdə təkzibedilməz vəhşilik izlərini unudaraq, Azərbaycana, guya, erməni mədəni irsini məhv etməsi ilə bağlı böhtan atmaqla erməni riyakarlığına şərik çıxıb. Görünür, Larşe dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini, eləcə də öz dövlətinin də səsverməsi ilə qəbul olunmuş BMT TŞ-nin 4 məlum qətnaməsini unudub. Həmçinin, Fransanın TŞ üzvü kimi BMT Qətnamələrinin yerinə yetirilməsi üçün məsuliyyət daşıdığını, eləcə də Minsk qrupunda həmsədr olduğunu və münaqişənin həlli üçün heç bir addım atmadığını da yaddan çıxarıb. 

Senat sədrinin Həmsədrlik institutunun tərəfsizliyə və qərəzsizliyə əsaslandığını bilməməsi də təəccüb və təəssüf doğurur. Münaqişənin həlli prosesinə həmsədrlik edən bir dövlətin ali rəhbərliyinin beynəlxalq qanunlara məhəl qoymadan, saxta və yalan bəhanələr əsasında münaqişə tərəflərindən birinin işğalçılıq hərəkətlərini açıq-aşkar dəstəkləməsi siyasi əxlaqa ziddir. Fransa isə hələ 20 il öncə münaqişə tərəflərinə münasibətdə tərəfsiz mövqe tutacağına söz verərək təkidlə əldə etdiyi həmsədrlik vəzifəsindən imtina etməyi özünə rəva bilmir. Əksinə, həmsədrlik missiyasının və onunla bərabər bölgədəki münaqişənin uzadılmasına və daimi olaraq bütövlükdə Cənubi Qafqaz bölgəsini özündən asılı vəziyyətdə saxlamağa çalışır.
Milli Məclisin sədri Sahibə Qafarova Fransa Senatının sədri Jerar Larşenin Ermənistanda verdiyi qərəzli və birtərəfli açıqlamalarına kəskin reaksiya verib. Spiker vurğulayıb ki, fransalı həmkarı tərəfindən verilən bəyanatlar onun ölkəsinin Minsk qrupu həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə qətiyyən uzlaşmır: “Senat sədri öz açıqlamalarında bir tərəfdən Minsk qrupunun fəaliyyətinin yenidən canlandırılmasına, onun işinə yeni impuls verilməsinə çağırış edir. Digər tərəfdən isə açıq ermənipərəst və anti-Azərbaycan, anti-Türkiyə mövqe nümayiş etdirir. Senat sədrinin Yerevanda təşkil edilmiş bir sərgidə gördüklərindən yola çıxaraq, Türkiyədə və “artsax”da “erməni mədəniyyətinin izləri”nin silinməsindən bəhs etməsi, sadə dillə desək, siyasi ciddiyyətdən uzaqdır”. S.Qafarova xüsusilə vurğulayıb ki, əgər Fransa Senatının sədri həqiqətən tərəfsiz və ədalətli olmaq niyyəti güdmüş olsaydı, səfərini təkcə Ermənistana deyil, Azərbaycana da edərdi: “İşğaldan yenicə azad olunmuş ərazilərimizdə 30 il ərzində Ermənistan tərəfindən törədilmiş vandalizm və barbarlığı, bu gün “Qafqazın Xiroşiması” adlandırılan Ağdam şəhərini öz gözləri ilə görmüş olardı. Belə bir səfər Senat sədrinə həm də ölkəmizdə digər xalqların dininə, mədəniyyətinə, tarixinə göstərilən hörmətin şahidi olmaq imkanı verərdi. Hər şeydən əvvəl, elə məhz erməni xalqının dininə və mədəniyyətinə göstərilən hörməti, Bakının mərkəzində hələ də mövcud olan erməni kilsəsini görərdi. Bu isə ona 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində olan dini və mədəni abidələrin yerlə yeksan edilməsi, məscidlərimizdə inək və donuz saxlanılması ilə müqayisələr aparmaq imkanı verərdi. Lakin təəssüf edirəm ki, fransalı həmkarım belə bir addım atmaq yerinə, qərəzli və birtərəfli mövqe tutmağa üstünlük verib”. 
Spiker həmçinin Azərbaycan tərəfindən saxlanıldığı iddia olunan erməni əsilli hərbi əsirlər məsələsinə dair Senat sədrinin fikirlərini şərh edib: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr Bəyanatından sonra Azərbaycan ərazisinə göndərilmiş diversant qrupunun üzvləri hərbi əsir deyil və bu cür dəyərləndirilə bilməz. Bu, ancaq bizim dediyimiz bir şey deyil, beynəlxalq hüquq da sözügedən məsələni məhz bu cür tövsif edir. Buna görə də Fransa Senatının sədri tərəfindən bu kontekstdə Azərbaycana qarşı səsləndirilən ittihamları qəbul etmir, əvəzində cənab Larşenin bu gün də mülki əhalinin və hərbiçilərin həyatlarına son qoyan, sağlamlıqlarını itirməsinə səbəb olan minalanmış ərazilər məsələsinə diqqət yetirməyə çağırırıq. Yaxşı olardı ki, Senat sədri Fransanın Minsk qrupu həmsədri olması prizmasından çıxış edərək, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməyə məcbur edəydi. Bununla da dünya birliyinin Ermənistana bu istiqamətdə verdiyi çağırışlara dəstək vermiş olardı”. 

Parlamentin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov da bildirib ki, Fransa Senatı sədrinin Ermənistanda verdiyi açıqlamalar bu ölkəyə Azərbaycan xalqının onsuz da kövrək olan etimadını daha da zəiflədir. Bu, bir daha Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsiz olmadığını təsdiq edir:

“Fransa Senatının sədri Jerar Larşenin söylədiyi fikirlər region xalqları arasında qarşılıqlı dialoq mühitinin formalaşmasına, davamlı sülh və sabitlik formulunun tapılması səylərinə ciddi zərbədir. Fransa hökuməti və parlamentinin Vətən müharibəsi günlərində nümayiş etdirdiyi qeyri-obyektiv, ədalətsiz və birtərəfli mövqe Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb. Müharibədən sonra münasibətlərin əvvəlki ruhunun qaytarılmasına ehtiyac duyulduğu bir vaxtda bu cür bəyanatların səslənməsi əlaqələrin gələcəyi haqqında nikbin düşünməyə əsas vermir. Azərbaycan ictimai rəyində Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyinə çox ciddi və əsaslı şübhələr mövcuddur. Jerar Larşenin son açıqlaması bu şübhələrin daha da dərinləşməsinə xidmət edir”. Deputat münaqişənin artıq başa çatdığını, bir çox ölkələrin postkonflikt dövrünün reallıqlarını düzgün qiymətləndirməli olduğunu vurğulayıb: “Fransa doğrudanmı regionda sülhün bərqərar olmasından narahatdır? Bu narahatlığın səbəbi nədir?”.  
Bu arada Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətinin məlumatına görə, ölkə başçıları telefon danışığı zamanı Qarabağdakı son vəziyyəti müzakirə edib. Bundan əlavə, gündəlikdə olan digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə deyib ki, Rusiya Qarabağda sülhməramlı fəaliyyətindən əlavə prosesə Fransanı da cəlb etmək üçün fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Rusiya masada tək qaldığı üçün Fransanı yanına almaqla, Azərbaycan-Türkiyə tandeminə qarşı mübarizə aparmağa çalışacaq:

“Əsas hədəf status məsələsini gündəliyə gətirmək, problemi qaldırmaqla öz rolunu artırmaqdır. Bununla Rusiya tərəfi Azərbaycanı KTMT və Avrasiya İttifaqına cəlb etmək üçün əlində bir təzyiq kimi istifadə edəcək. Prezident Putinin fransalı həmkarı Makronla telefon danışığında Qarabağ məsələsini müzakirə etməsi son vaxtlar Türkiyə və Azərbaycanla əlaqələrində yaşanan siyasi soyuqluqdan qaynaqlanır. Əvvəldə qeyd etmişdik ki, Rusiyanın Türkiyə və Azərbaycanla əlaqələri yüksək səviyyədə olmayacaq.

Müəyyən bir narazılıq yaranan təqdirdə Kreml Qarabağ məsələsindən Azərbaycana qarşı təzyiq kimi istifadə edəcək. Fransanı prosesə cəlb etməklə “status” məsələsini qaldıracaqlar və danışıqları gündəmə gətirəcəklər. Halbuki, Rusiya ilk günlərdə çalışırdı ki, Paris prosesdən kənar qalsın. Rusiya bununla göstərmək istəyir ki, münaqişə bitməyib.

Lakin Azərbaycan münaqişənin bitdiyini elan edib. Azərbaycan üçün yeni böhranlı proses başlaya bilər. Fransanın Qarabağda erməni separatçılarına dəstək verməsi bunu göstərir. Fransa və Rusiya arasında Qarabağ müzakirəsi separatizmi qabartmağa xidmət edir. Fransa senatının üzvləri separatçıların “müstəqilliyinin” tanınmasını irəli sürüblər. Hesab edirəm ki, Azərbaycan Fransaya nota verməli və Minsk qrupunun yenidən dirçəlişinə razılıq verməməlidir. Rusiyanın bu kimi fəaliyyətinin qarşısının alınması üçün Moskva ilə sistemli şəkildə danışılmalıdır. İlk növbədə Laçın dəhlizində post qoymaq üçün hərəkətə keçmək lazımdır”.