Ermənistan 44 günlük müharibədən dərs çıxarmayıb


Paşinyanın aldadıcı siyasi ritorikalarını ciddiyə almamalıyıq

Düşmən hazırda xaricdə yeni havadarlar, yeni güc axtarışındadır ki, ona sığınsın və öz işğalçı əməllərini yenidən davam etdirsin


Ermənistan hökumətinin başçısı Nikol Paşinyan "Bilik günü" münasibətilə Ermənistan ictimaiyyətinə müraciət edib. O, müraciətində nə "Artsax", nə də orada yaşayanlar haqqında bir söz deyib. Bu, hazırda Xankəndidə yaşayanların İrəvana heç bir aidiyyətinin olmadığının göstəricisidir. Artıq Ermənistan üçün Dağlıq Qarabağ yoxdur. Bu barədə "İcmal" verilişinin efirində Ermənistan parlamentinin Elm, təhsil, mədəniyyət işləri üzrə daimi komissiyasının üzvü Lilit Qalstyan bildirib.

“Nikol Paşinyan və parlamentin sədri belə bir mühüm gündə Qarabağa gedə bilməsələr də, Qarabağda yaşayan ermənilərə heç olmasa, nəsə deyə bilərdilər. Lakin İrəvanın heç bir səlahiyyəti olmadığına görə onlar bu barədə heç danışa bilmirlər”, - deyə erməni deputatı qeyd edib.

Siyasi-şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında vurğulayıb ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın "Bilik günü" münasibətilə Ermənistan ictimaiyyətinə müraciətində nə "Artsax", nə də orada yaşayanlar haqqında bir söz deməməsinə əslində ikili yanaşmaq lazımdır:

"Çünki əvvəla bu, "Bilik günü" ilə bağlı çıxışdır, yəni belə bir gündə "Artsax"dan və Qarabağ ermənilərindən danışmaq məsələsi məncə yersiz olardı.  Düzdür, Paşinyan əvvəlki vəziyyətdə olsaydı, bundan bəlkə də istifadə edərdi. Ancaq indiki halda belə danışığa gedə bilməz və bunun nəticələrini də yaxşı anlayır.  Fikrimcə, Paşinyan burda ikili oyun oynayır. Məsələ ondadır ki, əgər biz qəbul etsək ki, həqiqətən də Paşinyanın "Artsax" ideyasından imtina edib və Qarabağ erməniləri onun üçün artıq əhəmiyyət kəsb etmir, o zaman maraqlı bir tendensiya görünür.

Ermənistan Xarici işlər naziri Arorat Mirzoyan Qarabağa səfəri zamanı agentliyə müsahibəsində Qarabağın status məsələsini ortaya qoydu və beynəlxalq hüquqa sığmayan iddialar səsləndirdi.

Burdan belə qənaətə gəlmək olar ki, Paşinyanla Mirzoyan arasında ciddi təzad var. Təbii ki, bu, əslində Paşinyanın ikili siyasətinin təzahürüdür. Yəni göründüyü kimi, Paşinyan daxili auditoriyaya və Azərbaycan ictimaiyyətinə fərqli  mesajlar versə də, ölkə xaricində pərdəarxası olaraq yenə də Ermənistanın ənənəvi siyasətini  yeritməkdə davam edir.  Təbii ki, rəsmi Bakı bu məsələni daha yaxından izləməli və Paşinyanın aldadıcı siyasi ritorikalarını, belə deyək, ciddiyə almamalarıdır". 

T.Rzayev diqqətə çatdırıb ki, Mirzoyanın Rusiyadakı çıxışları əslində Ermənistanın hazırkı real siyasətinin təzahürüdür:

"Əgər Mirzoyanın dediyi ilə Paşinyanın dediklərinə baxsaq görərik ki, ciddi mənada bir təzad var. O zaman belə çıxır ki, Mirzoyan Paşinyanın siyasi iradəsindən xaric məsələləri danışır. Təbii ki, bu, real görünür. Çünki hər ikisi eyni blokun nümayəndələridir. Açıq-aşkar baxsaq Ermənistan elə təəssürat yaratmağa çalışır ki, onlar Qarabağdan imtina edib  və Qarabağdakı ermənilərin aqibətindən xəbərləri yoxdur.

Xatırlayırsınızsa, "Artsax"ın qondarma müstəqillik günündə demək olar ki, Qarabağa heç bir siyasi xadim getmədi. Bu da özlüyündə belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, Ermənistan 44 günlük müharibədən sonra Qarabağla bağlı məsələlərdən imtina edib.

Ancaq ölkə xaricində Arorat Mirzoyanın bu çıxışları da istər-istəməz bu fikirləri də sual altında qoyur. A.Mirzoyan Rusiyaya səfəri zamanı ümumiyyətlə, beynəlxalq hüquqa sığmayan haqq ideyalarını tələb etməsəydi,  biz deyərdik ki, Ermənistan həqiqətən də bu gün belə bir siyasət yeridir və Qarabağdan imtina edir. Amma reallıq ondan ibarətdir ki, Ermənistan xarici işlər nazirini baş nazir təyin edir və onun dediyi hər bir söz baş nazirin apardığı siyasi kursunun göstəricisidir. Burda da belə bir nəticəyə gələ bilərik ki, Ermənistan hazırda 44 günlük müharibədən dərs çıxarmayıb.

Ermənistan hazırda xaricdə yeni havadarlar, yeni güc axtarışındadır ki, ona sığınsın və öz işğalçı əməllərini yenidən davam etdirsin. Hesab edirəm ki, Paşinyanın "Bilik günü"ndəki çıxışı bu planları gizlətmək üçün məqsədyönlü şəkildə atılmış bir addımdır".