Sərdar Cəlaloğlu Fazil Mustafa ilə razılaşmır:“ “Beşinci kolon” həm də şimala işləyir” 

“Rusiyanı kənara çıxarmağın mənası yoxdur”

“Bu dövlətimiz üçün yanlış və ağır nəticələrə çıxaran mövqe olar”


Milli  Məclisin payız sessiyasının ilk plenar iclasında millət vəkili Fazil Mustafa mühüm məsələlərə toxunub. Deputat qeyd edib ki, bu gün ölkəmizdə ən böyük problemlərdən biri dini məsələlər ətrafında baş verən hadisələrdir: “Azərbaycanda “beşinci kolon” deyəndə hamı üzünü şimala yox, cənuba tutmalıdır”.

Deputanın fikirlərini “Sherg.az”a dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, “beşinci kolon” həm cənuba, həm də şimala işləyir:

“Burada Rusiyanı kənara çıxarmağın mənası yoxdur. İran bizə heç nə edə bilməz. Amma bizi işğal edən, illərlə əsarətdə saxlayan bir tərəf varsa, o da Rusiyadır. Həmçinin Rusiya Azərbaycandakı bütün neqativ halların müəllifidir, indiki parlamenti formalaşdırandır.  Bəzi deputatların Rusiyanı müdafiə etməsi təəccüblü deyil. Təbii ki, İrana işləyən, onun maraqlarını müdafiə edən “beşinci kolon” nümayəndələri var. Lakin məcbur deyilik ki,  bir tərəfi diqqətdə saxlayıb, digərini gözardı edək. Bu dövlətimiz üçün yanlış və ağır nəticələrə çıxaran mövqe olar”.