“NATO Ukrayna vasitəsi ilə Rusiya sərhədlərinə yaxınlaşıb” - GƏRGİNLİK

“Mütləq mənada bugünkü dünya güclərinin  oturub danışmağa ehtiyacları var”

“NATO-nun sammitində  strateji plan qəbul olundu, burda da əsas rəqib olaraq Çin və Rusiya göstərildi”


Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edib. O qeyd edib ki, NATO Rusiya ilə qarşıdurmanı artırır. O bir müddət əvvəl Rusiya diplomatlarının alyansa üzv olan ölkələrdən deportasiya edilməsinə baxmayaraq, artıq əməkdaşlıq etməklə bağlı bəzi siqnalların  verilməkdə olduğunu bildirib. V.Putin həmçinin NATO-nun infrastrukturlarını Rusiya sərhədlərinə yaxınlaşdırdığını nümayiş etdirdiyini, dialoqun bütün mexanizmlərini təşəbbüskarlıqla sındırdığını vurğulayıb. Və NATO-nun Rusiya sərhədləri boyunca fəallıqlarına rəsmi Moskvanın cavab verəcəyini  diqqətə çatdırıb.       
       
Rusiya - NATO gərginliyini “Sherg.az”a şərh edən Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirib ki , NATO-nun təhdidlərini  müəyyən mənada  Rusiyanın  aqressiv davranışlarına adekvat cavab kimi dəyərləndirmək olar: 

“Birtərəfli qaydada NATO-nun  Rusiya əleyhinə yürütdüyü starteji bir xətt var. Bu da rəsmi Moskvanın tamamilə əhatə olunması və çevrələnməsindən ibarətdir. Ukraynada inqilabdan sonra qərbyönümlü hakimiyyətin iqtidara gəlməsi rəsmi Moskva üçün çox arzuolunmaz bir vəziyyət yaradıb. Artıq Ukrayna vasitəsi ilə NATO, demək olar, Rusiya sərhədlərindədir. Paralel olaraq  Ukraynanın yerləşdiyi Qara dəniz ekvatoriyasında paralel olaraq, Gürcüstanın Qara dənizlə həmsərhəd ekvatoriyasında da zamanla hərbi təlimlər keçirilir. Ona görə də zaman-zaman adekvat addımlar atılır. Polşa ilə Belarus sərhəddində baş verən hadisələr də bu  gərginliyin tərkib hissələrindən biridir. Üzdə Lukaşenkonun rəhbəri olduğu Belarus olsa da, arxa səhnədə prosesin məhz Rusiya tərəfindən tətikləndiyini hər kəs bilir.  NATO bu yöndə həyəcan təbili çalır. Şərqi avropaya ola biləcək hər hansısa bir təhlükənin qarşısını almaq üçün müəyyən adekvat addımlar atır. Eyni zamanda bu gün Rusiya Ukraynanın sərhədlərində yüz minə yaxın qoşun toplayıb. Minlərlə tank və digər texnikaları da toplamaqla Ukrayna, Böyük Britaniya  təhlükəsi yaradıb”.  

N.Miri artıq bu yöndə ABŞ-ın NATO rəhbərliyi ilə danışmağa başladığını və  bütün bunların NATO Rusiya əməkdaşlığının  hələ də gərgin müstəvidə inkişaf etməsinin göstəricisi olduğunu söyləyib:

  “Mütləq mənada bugünkü dünya güclərinin  oturub danışmağa ehtiyacları var. Bilirsiniz ki, NATO-nun sammitində  strateji plan qəbul olundu, burda da əsas rəqib olaraq Çin və Rusiya göstərildi. ABŞ-ın bu yöndəki siyasəti ondan ibarətdir ki, stabilləşdirici və praqnozlaşdırıla bilən bir Rusiya ilə əməkdalıq qursun. Ancaq bu gün Rusiya praqnozlaşdırıla biləcək bir ölkə deyil. 

Çünki rəsmi Moskvanın Ukraynanın tərkib hissəsi olan Krımı, Svestopolu eyni zamanda cənub-şərq əyalətində Luqansk və Donbasın bir hissəsini işğal etməsi unudulmayıb. Ayrıca Donbası işğal etmək planı hələ də Rusiyanın masasındadır. Bütün bu təzyiqlər qarşılıqlı zaman-zaman ona görə edilir ki, qarşı tərəf bu təzyiqdən geri çəkilərək öz maraqlarında güzəştə getsin. Ancaq hələlik biz nə birtərəfli, nə də qarşılıqlı qaydada bunu  görmürük”.

 Politoloq çox sürətlə bu güc mərkəzlərinin dünyanı böyük bir təhlükəyə doğru apardıqlarını vurğulayıb: 

“Hazırada  bu proses Suriyada da, Liviyada da belədir. Liviyada həll olunmayan ciddi bir hakimiyyət məsələsi, Ukraynada  Rusiya təcavüzü təhlükəsi hökm sürür. Cənubi Qafqazda stabillik yoxdur. 

Ermənistan-Azərbaycan sərhəddində hərbi gərginlik hələ də davam edir. Bu prosesin arxasında yalnız Azərbaycanla rəsmi İrəvanın düşmənliyi durmur. Bu regionda qlobal güclərin geosiyasi maraqlarının bilavasitə toqquşduğunu göstərir. Buna görə də biz Rusiya NATO münasibətləri dedikdə əslində iki güc mərkəzinin regional səviyyədə müxtəlif geosiyasi maraqlarının qarşı-qarşıya durduğunu da nəzərə almalıyıq. Rusiya və NATO arasındakı münasibətlər yaxın perspektiv üçün müsbət mənada heç nə vəd etmir. Əksinə qarşıdurma zaman keçdikcə artır, bu da yeni müharibə təhlükəsini gündəmə gətirir . 16 Noyabr tarixində bir günlük də olsa Ermənistan-Azərbaycan sərhəddində ciddi əməliyyatlar prosesi yaşandı. Eyni mənzərəni biz sabah Ukrayna sərhəddində Lonbasada da  Belarus-Polşa sərhəddində Pribaltika ölkələri ilə Rusiya sərhəddində də görə bilərik. 

Bu təhlükələr hər zaman mövcuddur.  Bu gün Aralıq dənizində çox ciddi bir qarşıdurma var. Artıq bəlli etmək olmur ki, dünyada kim-kimə qarşıdır. Türkiyə əslində NATO üzvü olmaqla bərabər eyni zamanda strateji müttəfiqi olan ABŞ tərəfindən ciddi iqtisadi sanksiyalara məruz qalır. Bu gün Türkiyə Suriyanın şimalından tutmuş Aralıq dənizi hövzəsindəki  ölkələrə qədər ABŞ-ın Türkiyəni çevrələmək siyasəti ilə üz-üzədir”.

 Hazırda dünyada mövcud olan gərginlik müstəvisinin böyük müharibələrin başlamasına təhlükə yaratdığını deyən politoloq bu güc mərkəzləri arasında anlaşma olmadan  dünyada sülhün, stabilliyin əlçatan olmayacağını diqqətə çatdırıb.